AUT.AZ

İlham Əliyev və xanımı türkiyəli idmançılara hədiyyələr göndərdi – FOTO

Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyində təşkil olunmuş mərasimlə İrəvanda keçirilmiş Avropa Ağırlıqqaldırma çempionatında qızıl və gümüş medallar qazanaraq qələbələrini ölkəmizə həsr edən Cansu Bektaş, Qamze Altun və Nuray Güngörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən göndərilmiş hədiyyələr və təbrik məktubları təqdim olunub.

Aut.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Talat Ünlü, Federasiyanın vitse-prezidentləri Taner Sağır və Yasin Arslan, məşqçi Gökhan Kuşçuoğlunun iştirak etdiyi mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dövlət başçısı və xanımının hədiyyələrini və təbrik məktublarını idmançılara təqdim edərək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc idmançıları Azərbaycana dəvət etdiyini onlara çatdırıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan və Türkiyə hər zaman və hər sahədə olduğu kimi İrəvanda təşkil olunan Avropa Ağırlıqqaldırma Çempionatında da “tək millət, iki dövlət” olduğunu bütün dünyaya sübut edib. Türkiyəli gənc idmançıların öz qələbələrini məhz Azərbaycana həsr etmələri də bunun bariz göstəricisidir. İrəvanda Azərbaycan bayrağının yandırılmasına etiraz olaraq, milli komandamız burada iştirak etməsə də, türk idmançıların qələbəsi həm də Azərbaycanın qələbəsidir. Azərbaycanın dövlət başçısı və birinci xanımının gənc idmançılara göstərdiyi xüsusi diqqət də bu qələbənin Azərbaycan xalqı üçün əhəmiyyətini ifadə edir.

Mərasimin sonunda xatirə şəkilləri çəkilib.

Exit mobile version