AUT.AZ

Brejnevin futbol sevgisi: Soçi-Moskva reysinin Kiyevə uçmasını niyə istəyib?

Dövlət başçıları da insandır. Onların da seçimləri, şəxsi həyatları və maraqlı hobbiləri var. İdmana olan sevgini xüsusilə vurğulamaq lazımdır. İdmanı sevənlərdən biri də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev olub.

Leonid İliç iki Moskva nəhənginə ÇSKA və “Spartak”a azarkeşlik edib. Xokkeydə ordu komandasını, futbolda isə “qırmızı-ağlar”ı dəstəkləyib. Amma klublara olan sevgisi onun dövlət başçısı kimi qərəzsizliyinə təsir etməyib.

Məsələn, 1976-cı ildə “Spartak” yüksək liqanı 15-ci sırada başa vurduğu üçün aşağı dəstəyə yuvarlanmalı idi. Ancaq Brejnev reqlamentə zidd olaraq klubların elitanı tərk etməsinin əleyhinə idi. Onun bu barədə Moskva Şəhər Komitəsinin katibi Viktor Qrişindən xahiş də etmişdi.

Jurnalist Vsevolod Kukuşkin həmin günləri belə xatırlayır:

“Viktor Qrişin bu barədə Siyasi Büroya yazdı: “Spartak” dəyərdir, xilas edilməlidir”. Lakin İdman Komitəsinin rəhbəri Sergey Pavlov ona əsaslı şəkildə etiraz edib. İdman prinsipini pozsaq, bizim üçün hər şey bitəcək. Digər klublar bununla razılaşmayacaq. Bəs onda nə edəcəyik? Brejnev sonda bu arqumentlərlə razılaşdı. Dedi ki, idman prinsipi var və buna qarışmaq bizim işimiz deyil”.

Brejnev istənilən futbol matçına baxmağı xoşlayırdı. Bir dəfə onun oyuna olan həvəsi ucbatından çoxlu sayda insan az qala çətin vəziyyətə düşəcəkdi. Soçidən Moskvaya qayıdan Leonid İliçin ağlına marşrutdan bir qədər kənara çıxmaq və futbola baxmaq fikri gəldi.

“Atam onunla Soçidən gəlirdi. O vaxt Leonid İliç hələ Ali Sovetin sədri idi. Onlar lətifə danışırdılar və birdən Brejnev dedi ki, “gəlin Kiyevə üz tutaq, bu gün orada futbol var”. Amma ona deyiblər ki, adi reyslə uçduqları üçün digər sərnişinləri narahat etmiş olarlar. Bundn sonra Brejnev fikrindən daşınıb”, – deyə Kukuşkin həmin hadisəni nəql edir.

Nəticədə təyyarə planlaşdırdığı yerə uçub. Ancaq hekayə ilə bağlı maraqlı və cavabsız sual var. Adi bir oyun fövqəlgüclərin liderlərinin şüuruna və duyğularına necə bu qədər təsir edə bilər?

Exit mobile version