AUT.AZ

Kadidən yeni xəbər: Saysız-hesabsız sınıqlar

“Krasnodar”ın futbolçusu Kadi Borqes Rusiya Premyer Liqasının 24-cü turunda hazırda “Spartak”la keçirilən oyunda ciddi xəsarət aldığı barədə məlumat vermişdik. 

Aut.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu top uğrunda mübarizədə rəqib oyunçusu Georgi Cikia ilə toqquşub. Bundan sonra braziliyalı oyunçu yerə yıxılaraq huşunu itirib. Ona ilk tibbi yardımı da Cikia edib. O, Borgesin dilini çıxararaq nəfər almasına kömək edib.

Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Meneceri Helsio Alisk yarımmüdafiəçinin vəziyyəti ilə bağlı açıqlama verib: “Kadinin həyat yoldaşı ilə danışdım. O, futbolçunun hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu deyir. Ən əsası odur ki, Kadinin şüuru özündədir. Lakin zədəsinin xarakteri hələ məlum deyil”.

Həkimlər 27 yaşlı oyunçuya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozunu qoyublar.

İddialara görə, Kadi Borges uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Exit mobile version