AUT.AZ

“Turan Tovuz” böyük islahatın astanasında: Rəhbər dəyişir, büdcə 2 dəfə artır…

Uzun fasilədən sonra Premyer Liqaya qayıdan “Turan Tovuz” ölkə çempionatına maraq qatdı. Komanda ikinci beşliyin ən yaxşı komandası olmaqla bərabər, güclü komandalara başağrısı oldu.

Büdcəsi dövlətin ayırdığı 3 milyon manatdan ibarət olan klub, mövsümün ikinci yarısında sponsor tapmaqla gündəmə gəldi. “Huner Group” əyalət təmsilçisinə himayəlik etməyə başladı. Şirkət digər sponsorlardan fərqli addımlar atması ilə diqqət cəlb etdi. Tovuz təmsilçisinin infrastrukturun yaxşılaşdıran yeni sponsor bu sarıdan xeyli işləri görməyə çalışır.

Bütün işlərə “Huner Group”un təsisçisi Ehtiram Quliyev nəzarət edir. Əslən tovuzlu olan iş adamı Azərbaycan futbolunun azarkeşlərindən biridir. O, futbolumuzdakı problemlərdən xəbərdardır və onların həllində maraqlıdır.

Aut.az “Turan Tovuz”la bağlı maraqlı məlumat əldə edib. Tovuzdakı mənbənin verdiyi məlumata görə, yeni mövsümdən klubun idarəçiliyi tam olaraq Quliyevə keçəcək. İş adamı ona doğma olan klubun idarə heyətinin sədri olacaq. Bundan sonra “Turan” tam olaraq “Huner Group”un himayəsinə keçəcək.

Bu o deməkdir ki, yeni mövsümdən klubun büdcəsində müəyyən qədər artım olacaq. Ancaq bu infrastruktur işləri başa çatdıqdan sonra reallaşacaq. Ehtiram Quliyevin əsas hədəfi  stadionda və klubun bazasındakı problemlərin həll etmək olacaq. Quliyev “Turan Tovuz”a hər mövsüm üçün 3 milyon manat ayırmağı planlaşdırır.

Maraq üçün qeyd edək ki, Ehtiram Quliyev daha əvvəl də klubu himayəsinə götürmək istəyib. Ancaq həmin vaxt AFFA-nın baş katibi postunda çalışan Elxan Məmmədov iş adamına problemlər yaradıb. Nəticədə Quliyev fikrindən daşınmalı olub. Ancaq Məmmədovun gedişindən sonra futbolumuzda az da olsa baş verən dəyişikliklər bu dəfə onun planını həyata keçirməsinə şərait yaradıb.

Aut.az 

Exit mobile version