AUT.AZ

İki güləşçimiz Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona çatıb.

Aut.az xəbər verir ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. Nihat üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbəylə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə “tuş”la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb – 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabıyla geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb – 3:2. Beləliklə, Həsrət karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib – 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub – 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib – 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük Ülvüyə karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb – 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb – 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka “tuş”la uduzub. Rafiq bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Exit mobile version