AUT.AZ

ŞOK QƏRAR: AFFA elitaya “Araz Naxçıvan”ı yox, bu komandanı gətirir

Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşır. Bu o deməkdir ki, son turlarda avrokuboklara vəsiqə və elitada qalmaq uğrunda mübarizə daha da kəskinləşəcək.

Ancaq elitanı tərk etməklə bağlı məsələdə qaranlıq məqamlar var.

Elitada qalmaq uğrunda bir neçə komanda mübarizə aparır. Ancaq onların heç biri Premyer Liqanı tərk etmək istəmir. Ötən həftə az qala bütün klubların baş məşqçiləri bu məsələni gündəmə gətirdi. Mütəxəssislər də bildirirlər ki, yüksək dəstədə komanda sayı artmadan, aşağı dəstəyə komandanın düşməsi doğru deyil. Yəni idman prinsipinin pozulmasına hər kəs razıdır.

Bu məsələ AFFA-da da müzakirə olunub. Və qərara alınıb ki, elitada komanda sayını artırmaq hazırda mümkünsüzdür. Çünki dövlətin Premyer Liqa klublarına ayırdığı vəsait artmadığından, elitada komanda sayının artırılması da mümkün deyil.

Yəni elitada komanda sayı artacaqsa, əlavə vəsait olmalıdır. Əgər dövlət bu vəsaiti ayırmayıbsa, deməli, elitaya yüksələn klub maliyyəsiz qalacaq. Əvvəlcə dövlətdən bu vəsaitin alınması razılaşdırılmalı, sonra komanda sayı artırılmalıdır.

Bununla belə lazımı dairələrə məlumatlar göndərilib.

Amma elitadan Premyer Liqaya gələcək komanda ilə bağlı şok dəyişiklik baş verə bilər. Məlumdur ki, aşağı dəstədən “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazanıb. Ancaq Naxçıvan təmsilçisi ilə bağlı problemlərin olduğu üzə çıxıb. “Araz Naxçıvan”ın lisenziya ilə bağlı tələblərdə bəzi çatışmazlıqları var. Daha əvvəl isə məlumat yayılmışdı ki, “Araz”ın adı oyun alverində hallanır. Bu məqamlar federasiyada narahatlıq yaradıb.

Aut.az xəbər verir ki, bu amili nəzərə alan AFFA ehtiyat varianta əl atıb.

AFFA-dakı mənbədən aldığımız məlumata görə, qurum uzun müddətdir divizionda mübarizə aparan “Zaqatala”ya sənədlərini hazırlamağı məsləhət görüb. Klub bu yöndə ciddi addımlar atmağa başlayıb. AFFA-nın şimal-qərb təmsilçisini seçmə səbəbi infrastruktur baxımından ciddi problemlərinin olmamasıdır. “Zaqatala” ehtiyat variant kimi saxlanılır. “Araz Naxçıvan” lisenziya almasa, “Zaqatala” elitaya gələcək. Hadisələrin hazırkı axarı bu ehtimalın yüksək olduğunu göstərir.

Aut.az

Exit mobile version