AUT.AZ

“Turan “Tovuz”u nə gözləyir? – Ayxan Abbasov bilir

Azərbaycan Premyer Liqasının XXXI turunun “Turan Tovuz” – “Sabah” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Ağır oyun oldu. Çətin qrafikdəyik. Hər oyun zədəlilərimizin artması bizi narahat edir. Bu gün də Tərlan Əhmədlinin sıradan çıxması pis təsir etdi. İki turnirdə mübarizə aparmaq çətin olur. Bəzi oyunçulara şans verdim və özlərini pis göstərmədilər. İki komandanın da epizodları oldu. Belə qrafikda rotasiyaların olmağı normaldır. Kubokda da şansımız var. Lakin çətin olacağını bilirik. “Neftçi” səfərinə gümrah getmək istəyirik. Qismət olsa, həmin matçda daha yaxşı olmaq istəyirik.

– Çempionatda ardıcıl 8 oyundur qələbə qazana bilmirsiz. Bugünkü məğlubiyyət komandanı  təhlükəyə ata bilir. Bu narahatlığı hiss etmirsiz?
– Turnir cədvəlinə baxırıq, vəziyyəti bilirik. Qarşıda bizi nələrin gözlədiyini bilirik. Hələ təhlükəli yerdəyik. Lazım olan məqamlarda qələbə qazana bilməmişik. Bir qələbə bizi rəqiblərdən ayıra bilərdi. Qarşıda “Səbail” və “Neftçi” ilə oyunlar var. Kubokdan sonra çempionata köklənəcəyik. Bu gün bizim hansı yeri tutmağımız o qədər də problem deyil. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Kubokda yarımfinaldayıq və şanslarımız var. Bu riskə getməliyik. Çempionatda 5 oyunumuz qalıb və yaxşı mübarizə aparmağa çalışacağıq.

– Komanda son 5 turda elita uğrunda mübarizə aparacaq?
– Bəli.

– Heyətdəki zədəlilərlə bağlı durum nə yerdədir?
– Ağırdır, oynamaq şansı çox azdır. Yenə də müalicəsi gedir. Piruzi Marakvelidze və Şəhriyar Əliyevin durumu yaxşıya doğru gedir. Qalanların vəziyyəti normaldır.

– Tərlanın ilkin diaqnozu nədir?
– Dartılma var. Bilirsiz, Kamal da cəzalıdır. Bu gün Mehman ilk oyununa çıxdı. Kubokda Kamal Bayramov oynaya biləcək.

Exit mobile version