AUT.AZ

Şumaxerdən “müsahibə” aldılar, məhkəmədə cavab verəcəklər

Formula 1-in və “Ferrari”nin əfsanəvi pilotu Mixael Şumaxerin ailəsi Almaniyanın “Die Aktuelle” nəşrini məhkəməyə verməyə hazırlaşır.

Aut.az xəbər verir ki, buna səbəb sözügedən mətbu orqanın dünya çempionunun adından saxta müsahibə yayımlamasıdır. Araşdırmalardan sonra həftəlik dərc edilən jurnalın süni intellekt vasitəsilə 7 qat dünya çempionu ilə “həmsöhbət” olduğu məlum olub.

2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılaraq kəllə-beyin travması keçirən Şumaxer həmin vaxtdan ictimaiyyətdən uzaq düşüb və bu müddətdə şüurunu bərpa edə bilməyib. Bu səbəbdən 10 ildir onun açıqlaması və ya müsahibəsi dərc edilmir. Hətta onunla bağlı informasiyalar ictimaiyyətdən gizli saxlanılır. Bu boşluğu doldurmağa çalışan “Die Aktuelle” nəticədə Mixaelin ailəsinin qəzəbinə tuş gəlib.

Qeyd edək ki, jurnal süni intellekt ilə söhbəti “Mixael Şumaxer ilə ilk müsahibə” başlığı ilə dərc edib.

Exit mobile version