AUT.AZ

İdmanın erməni bəlası: Təhlükəsizliyə təminat verməyən ölkəni hansı cəza gözləyir?

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yaşanan bayraq qalmaqalı hər kəsə məlumdur. Təşkilatçı ölkənin təhlükəsizlik zəmanətini pozacağı gözlənilən idi. Qitə biricinliyində mübarizə aparan millimiz də elə bu səbəb turnirdən imtina etmək məcburiyyətində qaldı.

Həmişə olduğu kimi ermənilər bu addımlarına da don geyindirməyə, günahı kiminsə boynuna yıxmağa çalışdılar. Fakt odur ki, bu hadisə bütün Avropanın gözü önündə – canlı yayımda yaşandı. Dünya ictimaiyyətinin bu məsələyə münasibəti, başqa sözlə desək, soyuq yanaşması, bizi təəccübləndirmədi. Bu hadisədən sonra bir əlin barmaqları qədər qurum Ermənistana və təşkilatçılara etirazını bildirdi. Bu olay başqa bir ölkədə yaşansaydı, dərhal tədbir görülərdi. Hətta belə bir nüfuzlu yarışn başlamamış bitmə ehtimalı yüksək olardı.

Bayrağımıza qarşı edilən tərbiyəsizlik göz önündədir. İndi aidiyyəti qurumların Ermənistana hansı cəzanı verəcəyini gözləyirik. Bu hərəkətin bədəli nə olacaq? Sözsüz ki, beynəlxalq qurumların ədalətli davranacağına inam elə də çox deyil. Çünki hər bir sahədə olduğu kimi idmanda da ikili standartlar var.

Məsələ ilə bağlı idman hüquqşünası Fərid Haqverdiyevin fikirlərini öyrəndik. O, öncə Ermənistanın, yaşanan hadisəyə görə cəzalanma ehtimalından və bizim bu müddətdə hansı addımlar atmalı olduğumuzdan danışdı:

“Hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyası tərəfindən intizam işi açılıb, araşdırma gedir. Bizim bu işə birbaşa müdaxilə etmək hüququmuz yoxdur. Atacağımız addım sadədədir. Bu məsələdə qətiyyətli olmalıyıq. Həm beynəlxalq, həm də Avropa Ağır Atletika Federasiyasından tələb etməliyik ki, işin statusu nə yerdədir, hansı izahatlar alınır, hansı tədbirlər, işlər görülür və hansı sanksiyaların tətbiqi təklif edilir. Bu iş üzrə rəsmi addımlar atılmalı, məktublar göndərilməlidir. Məsələni gündəmdə saxlamalıyıq”.

Yaşanan hadisəyə görə Azərbaycan tərəfindən heç bir formada üzr istəməyən Ermənistan fərqli addım atdı. Əksinə, bu idman növü üzrə növbəti il keçiriləcək dünya çempionatını qəbul etməyə hazır olduqlarını bəyan etdilər. Nə qədər arsız olmalısan ki, etdiyin qəbahətin üzrünü istəməmiş, ağır atletikanın bir nömrəli yarışını qəbul etmək fikrinə düşəsən.

İndi əsas məsələ odur ki, bizim üçün yeni mübarizə meydanı başlayır. Özünü hər yerdə süddən çıxmış ağ qaşıq kimi göstərən Ermənistanla idman meydanında da mübarizə aparmalıyıq. Təhlükəsizliyi heçə sayan bir ölkə növbəti illərdə belə yarışlar qəbul etməməlidir. Bunların qarşısını almaq üçün nə etməliyik?

“2024-cü ildə keçiriləcək Dünya çempionatı ilə bağlı hələ qərar verilməyib. Buna görə də həmin yarışın Ermənistanda keçirilib-keçirilməyəcəyi dəqiq deyil. Hələ aidiyyəti qurumun verəcəyi cəza açıqlanmayıb. Beynəlxalq qurumlar müxtəlif qərarlar verə bilərlər. Onlar arasında həmin dünya çempionatına ev sahiblik etmək hüququndan məhrumetmə də ola bilər. Söhbət təkcə bu cəzadan getmir. Ola bilər, sərt xəbərdarlıq edilsin, üzrxahlıq tələb edilsin. Eyni zamanda, müəyyən müddətə üzvlükdən kənarlaşdırma da ola bilər. Akkreditasiyaları ləğv edilə, növbəti Olimpiya Oyunlarında ermənistanlı idmançıların çıxışına məhdudiyyət qoyula bilər və s. Versiyalar çoxdur. Biz tələb edə bilmərik ki, Dünya çempionatı Ermənistanda keçirilməsin. Belə bir hüququmuz yoxdur. Ancaq aidiyyəti qurumlara məktublar yollayıb qeyd edə bilərik ki, təhlükəsizliklə bağlı təminat verilməsinə rəğmən belə hal yaşanıb. Bu, zəmanətin pozulması deməkdir. Artıq heç kim deyə bilməz ki, Dünya çempionatında problem olmayacaq. Həmin yarışda da eyni hadisələr baş verə bilər. Bu da idmançılar üçün problem yaradır. Çünki onlar vacib yarışlardan kənar qalırlar. Bütün hadisələri, yaşananları rəsmi yazışmalarda qeyd edib ağır atletika ilə bağlı qurumlara göndərə bilərik. Həmin təşkilatları tam məlumatlandıra, hətta onların cəzalanmasına səbəb ola bilərik. Bu məsələ gündəmdə saxlanıldığı müddətdə, onların ağır cəzalanması ehtimalı artır. Bu da bizim üçün vacibdir ki, Ermənistan xırda cəza ilə yaxasını qurtarmasın”, – hüquqşünas bildirib.

Bu olay başqa bir məsələni gündəmə gətirir. Ermənistan ağır atletika üzrə olmasa belə, başqa idman növlərində yarış qəbul edə bilər. Belə hallar həmin turnirlərdə də təkrarlana bilər. Bir çox növlərdə idmançılarımız aktiv şəkildə çıxış edirlər. Həmin növlər üzrə yarışların bir qismini Ermənistan qəbul edə bilər. Bu ölkənin təhlükəsizliyi təmin etməməsi və ya təxribata yol verməsi ucbatından nə qədər idmançımızın yarışlardan uzaq qalma ehtimalı var. Bəs bu halların qarşısını necə ala bilərik? Fərid Haqverdiyevin cavabı belə oldu:

“Hər bir idman növü individualdır. Onlara cavabdeh olan ayrıca qurumlar var. Bu istəyimizi digər idman növlərinə şamil edə bilmərik. Hansı yarışda eyni hal yaşanarsa, həmin qurum cəza tədbirləri görə bilər. İdman yarışından məhrumetmə ən sərt sanksiyalardan biridir. Bunun üçün hadisənin ağırlığına və miqyasına baxılır. Ən sərt cəza isə federasiya üzvlüyündən kənarlaşdırmadır. Bunun üçün isə çox ciddi əsaslar olmalıdır”.

Heybət Məmmədov

Exit mobile version