AUT.AZ

Futbol Gəncəyə qayıtmayacaq, ot örtüyünü belə dağıtdılar – VİDEO

Gəncə şəhər stadionunun bərbad durumuna görə  “Kəpəz” ev oyunlarını Qəbələdə keçirir.

Bildirilirdi ki, “Kəpəz” mövsümdəki son 2 ev oyununu doğma meydanda keçirə bilər. Hətta Peşəkar Futbol Liqasının yaydığı məlumatda da bu barədə məlumat verilmişdi. Bunun üçün isə stadionun qazonu yaxşı vəziyyətə gətirilməli idi.

Ot örtüyünün vəziyyəti o qədər pis idi ki, “Kəpəz” rəhbərliyi yalnız sonuncu ev oyununu – 35-ci turda keçiriləcək “Neftçi” ilə matçı doğma meydanda keçirməyə razı idi.

Aut.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər stadionunda bu mövsüm oyun keçirmək mümkün olmayacaq. Çünki ot örtüyünü normal vəziyyətə gətirmək mümkün olmayıb. Meydançanın bəzi hissələrində vəziyyət xeyli pisləşib. Qazona cavabdeh olan “Aqrosport” şirkəti klub rəhbərliyini bu məsələ ilə bağlı məlumatlandırıb. Hətta tərəflər arasında narazılıq da yaranıb. “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri şirkət rəsmilərindən izahat belə tələb edib.

Vəziyyət belə davam edərsə, Gəncə təmsilçisi yeni mövsümdə də ev oyunlarını doğma publika önündə keçirə bilməyəcək. Daha əvvəl məlumat verdiyimiz kimi,  stadionla bağlı vəziyyətə görə, “Kəpəz”in yeni mövsüm üçün lisenziya almamaq ehtimalı da var.

Klub rəhbərliyi bu məsələnin həlli yönündə addımlar atmağa çalışır. Bu barədə yaxın günlərdə geniş məlumat verəcəyik.

Aut.az

Exit mobile version