AUT.AZ

Elə bil Azərbaycandır: Qara paltar, bayraq, ayaq üstə durmaq olmaz

PSJ-nin azarkeşlərlə daha bir münaqişəsi yaşanır.

Aut.az xəbər verir ki, bu dəfə mübahisəyə səbəb azarkeşlərin “Park de Prens” arenasının “Boulogne” tribunası ilə bağlı aldıqları elektron məktub olub.

İzahat üçün:  Qapıların arxasında “Auteuil” və “Boulogne”  tribunalarını adətən klubun fəal azarkeşləri tutur. 2016-cı ildə PSJ tərəfdarlarının bir neçə qrupu “Collectif Ultra Paris”-də birləşdi və uzun danışıqlardan sonra “Auteuil” tribunasını ələ keçirdi. Ancaq klubun aktiv azarkeşləri “Boulogne”da qaldılar.

Fransada və xaricdəki parisli azarkeşlər rəsmi fan-klub yaratmaq üçün PSJ ilə əlaqə saxlaya bilərlər. Belə icmaların üzvləri paytaxt komandasının oyunları üçün qrup biletləri əldə edə bilərlər. Adətən klub bu cür azarkeşlər üçün “Boulogne”   tribunasına bilet verir.

Bu yaxınlarda bir neçə fan-klubun prezidentləri “Boulogne”  tribunasında azarkeşlərin oyun zamanı necə davranmalı olduqlarını xatırladan elektron məktublar alıblar. Bu məktub  Fransanın “France Bleu” nəşrindən olan jurnalistin diqqətini çəkib. Klubun azarkeşlərə məktubunda yazılıb:

Klub azarkeşlərdən üç qaydaya əməl etməyi xahiş edir. Birincisi, azarkeşlərin yer dəyişdirməsinə icazə verilmir. Qarşı tərəf öz yerini verməyə razı olsa belə, bunu etmək olmaz.

İkincisi, bütün matç boyu tribunadakı azarkeşlər öz yerlərində əyləşməlidirlər, ayaq üstə oyuna baxmaq qadağandır.

Üçüncüsü, azarkeşlərin aktiv dəstək üçün tribunalara bayraq gətirməsi qəti qadağandır. Üstəlik, azarkeşlər zahiri görkəmi ilə klubun ultraslarına bənzəməməlidir – yəni stadiona qara paltarda gələ bilməzlər.

Bu qaydaları pozduğuna görə PSJ fan-klub üzvlərini mütəşəkkil şəkildə matçlara bilet almaq imkanından məhrum etmək hüququnu özündə saxlayır.

Azarkeşlər bu tələbləri absurd sayırlar. Görünən odur ki, klub PSJ-yə aktiv dəstək sektorunu səssiz tamaşaçılar üçün platformaya çevirmək istəyir. Azarkeşlərlə işləməyə bu cür yanaşma stadionda futbol ab-havasını öldürür.

Adama elə gəlir ki, Fransa yox, Azərbaycanda verilib bu qərar. Axı Azərbaycanda komandasına çılğın dəstək verən fanatlar həmişə təzyiqə məruz qalırlar.

Aut.az

Exit mobile version