AUT.AZ

Ehtiram Quliyev Tovuzdakı planlarını açıqladı: Avqust ayına qədər bitirəcəyik

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz” – “Turan Tovuz”u qəbul etdi. Qərb derbisi Qəbələdə baş tutdu. Buna səbəb Gəncə şəhər stadionunun ot örtüyünün yararsız vəziyyətə düşməsi idi.

Bir qolun vurulmasına rəğmən, derbi maraqlı və gərgin alındı. “Kəpəz” görüşdən qələbə ilə ayrılmaqla elitadakı yerini qorumaq yönündə ciddi addım atmış oldu.

Matçı izləyənlər arasında “Turan Tovuz”un sponsoru “Huner Group”un təsisçisi Ehtiram Quliyev də vardı. Quliyev oyundan sonra Aut.az-ın əməkdaşının saullarını cavablandırdı. O, bir sıra məqamlara aydınlıq gətirdi.

– Öncə qərb derbisindən başlayaq. Təsüratlarınız necədir?

– Çox maraq matç oldu. Hər iki komanda maraqlı oyun nümayiş etdirdi. Nəticəyə baxmayaraq, oyun bizi məmnun elədi. Təbi ki, xal qazanmaq istəyirdik. Hər oyuna xal qazanmaq üçün çıxırıq. Amma futboldur və bu oyunun gözəlliyi elə bundadır. Əsas oyunumuzdur, ondan razı qaldıq.

– Diqqət yetirdik, oyundan sonra “Kəpəz”in rəhbərliyi ilə söhbətləşirdiniz. Nə barədə danışırdınız?

– Futbolumuz barədə danışdıq. Ortaq dərdlərimiz çoxdur. İşıqlandırma sistemi onlarda da yoxdur, stadionların ot örtüyünün vəziyyətini müzakirə etdik. Bu il hər iki klubun Premyer Liqada ilk mövsümüdür. Ona görə bizi bir-birimizdən yaxşı heç kim başa düşə bilməz. Əksiyimiz çoxdur. Bizə bir neçə il vaxt lazımdır ki, özümüzə gələk, toparlanaq, problemlərimizi həll edək.

– Zamandan əlavə yəqin ki, yeni maliyyə resursları lazım olacaq…

– Maliyyə hər şey demək deyil. Maliyyənin olmasının, azlığı-çoxluğu bir məna daşımır. Bizim bir idman meydançamız var. Bütün aşağı yaş qrupları, əvəzedici, əsas komanda orada məşq edir. Və o da süni örtükdür. Bir azdan havalar isinəcək. Orada günvurmalar olur. Oyunçuların halında pisləşmələr, zədələnmələr olur. Bu problemləri həll etmək lazımdır. Problemləri həll etməsən, pulla idman naliyyəti olmur. Birinci ot örtüyünü dəyişməliyik. Niyə edə bilmirik? Əlavə meydançamız yoxdur. Əlavə meydança salmaq istəyirik, amma yerimiz yoxdur. İnfrastruktur elə qurulub ki, bir gündə heç nəyi dəyişmək olmur. Ona görə maliyyə vəsaitindən əvvəl infrastrukturu düzəltməliyik. Daha sonra tovuzlu azarkeşlər yaxşı nəticələr görəcəklər. “Turan” azarkeşləri ona layiqdirlər.

– “Turan Tovuz” bu mövsüm nəticələri ilə müzakirə olunurdu. Amma ötən tur “Şamaxı” ilə oyundan sonra azakeşlərin baş məşqçi Ayxan Abbasova ünvanlanan gözlənilməz “istefa” şüarları klubla bağlı gündəmi dəyişdi. Sizin bununla bağlı fikirləriniz necədir?

– Biz Ayxan müəllimlə hər zaman görüşürük, söhbət edirik. Tərəfdarlar emosiyalarını bildirməkdə sərbəstdirlər. Əsas odur ki, onları yönləndirən, ortalığa fərqli tələblər sürən olmasın. Kim istəməz? Biz də istəyərik çempion olaq, yaxşı nailiyyətlər əldə edək. Amma real danışmaq lazımdır. Ayxan müəllimə tam güvənirik, arxasındayaq. Ona görə 3 illik müqavilə imzalamışıq, uzun bir yola çıxmışıq. Bunu dəyişmək planımız yoxdur. Bir yerdə başlamışıq, bir yerdə də addımlayacağıq.

– Nitqiniz diqqətimizi çəkir. Başqa sponsorlardan, bu sayəhəyə yeni gələn şəxslərdən fərqli olaraq futbolla bağlı çox rahat danışırsınız. Sanki neçə illərdir bu işin içindəsiniz…

– Ölkə futbolunun problemləri azarkeş olaraq həmişə məni maraqlandırıb. Hər zaman izləmişəm, çox fikir yürütmüşəm. Futboldan kənar qalmamışıq. İndiki düşüncələrimizin, problemləri köklü həll etməyimizin, gələcəyə hesablanmış addımlarımızın altında bunlar durur.

– Əvvəllər sponsorların düşüncəsi fərqli idi. Transferlər edib, nəticə qazanmağı hədəfləyirdilər…

– O, problemin müvəqqəti həlli idi. Elə düşünən insanlar qısamüddətli nəticə qazanırlar. Amma bizə nəsib olsa, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düzgünü elə budur. Düzgün addımlar atılmasa, keçici olacaq. Məsələn, bu il turnir cədvəlində 5-ci olsaq, gələn il 10-cu ola bilərik. İnfrastrukturumuzu düzəltmədən idman nailiyyəti tezdir.

– Tovuz şəhər stadionu ilə bağlı işlər görüldüyü məlumdur. Hazırda nə kimi yeniliklər var?

– İşıqlandırma sistemi ilə bağlı işlərimiz gedir. Çox ciddi tədarük problemləri ilə üzləşmişik. Hər şey görünən kimi deyilmiş, çox qəliz imiş. Məlum olduğu kimi, tablonu həll etmişik. Yayım üçün lazım olan teleqüllələrin üçünü də quraşdırdıq. Artıq aprelin 19-da “Neftçi” ilə kubok oyununa bu məsələ həllini tapmış olacaq. Oyun qarşı tribunadan yayımlanacaq. İşıqlandırma sistemi ilə bağlı işləri, ümid edirik ki, avqust ayına qədər bitirəcəyik.

– Yeri gəlmişkən, qarşıdan “Neftçi” ilə kubok oyunları gəlir. Komandadan sürpriz gözləyirsinizmi?

– Realist olmaq lazımdır. Çətindir, amma oyunçularımıza güvənirik. “Neftçi” çox böyük komandadır. Bizdən çox üstündürlər, amma biz əlimizdən gələni edəcəyik.

Heybət Məmmədov

Exit mobile version