AUT.AZ

“Huner Group”un rəhbəri planı açıqladı: Ayxan Abbasov istefaya göndərilir?

“Turan Tovuz”un düşərgəsində baş verənlər futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Əyalət təmsilçisinin Premyer Liqanın son 7 oyununda qələbə qazana bilməməsi narazılıqlara səbəb olub. Azarkeşlər və futbol ictimaiyyəti komanda ətrafında müxtəlif müzakirələr aparırlar. Baş məşqçi Ayxan Abbasovu istefaya səsləyənlər də, klub rəhbərliyinin idarəçiliyini tənqid edənlər də var.

Komandanın ölkə çempionatının son turunda əzəli rəqibi “Kəpəz”ə minimal hesabla məğlub olmasından sonra “boz qurdlar” uzun müddətdir qərarlaşdıqları 6-cı sıranı itirmək təhlükəsi ilə üzləşiblər. Tovuz təmsilçisini 7-ci olan “Kəpəz”dən cəmi 1 xal ayırır.

Qərb derbisini izləyənlər arasında Tovuz təmsilçisinin sponsoru olan “Huner Group”un rəhbəri Ehtiram Quliyev vardı. Oyundan sonra Aut.az-a açıqlama verən Quliyev Ayxan Abbasovun istefaya çağırılmasına münasibət bildirdi:

“Bununla bağlı nə deyə bilərəm? Ayxan müəllim ilə biz hər zaman görüşürük, danışırıq. Tərəfdarların emosiyalarını ifadə etməsi normaldır. Əsas odur ki, onları yönləndirən olmasın, fərqli tələblər irəli sürən olmasın.

Kim istəməz böyük uğurları? Biz də çempion olmağı, yaxşı nailiyyətlər qazanmağı istəyərik. Amma reallıqla danışmaq lazımdır. Ayxan müəllimə tam güvənirik. Buna görə onunla üç illik müqavilə imzalamışıq. Uzun bir yola çıxmışıq. Bunu dəyişmək kimi bir planımız yoxdur. Bir yerdə başlamışıq, bir yerdə də addımlayacağıq”.

Aut.az 

Exit mobile version