AUT.AZ

Murad Musayevin transfer siyahısı: Şeydayev, Mahmudov, Quliyev…

Yeni mövsümdə tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Sabah” indidən hazırlıqlara başlayıb. Klub rəhbərliyi UEFA lisenziyası və stadionla bağlı məsələlərlə məşğuldur. Baş məşqçi Murad Musayev də boş dayanmır.

Aut.az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdə daha iddialı komandaya sahib olmaq istəyən rusiyalı mütəxəssis indidən qollarını çırmalayaraq fəaliyyətə başlayıb. Avrokuboklarda uğurlu çıxış etməyi hədəfləyən Musayev transfer məsələlərinə xüsusi həssaslıqla yanaşır. Onun əsas hədəfi odur ki, beynəlxalq arenada rəqabət qabiliyyəti yüksək olan, qrup mərhələsinə vəsiqə qazanacaq komanda qursun.

O, bu məqsədlə geniş transfer siyahısı hazırlayıb. Gənc mütəxəssisin ilkin hədəfi yerli bazarda nəticə əldə etməkdir. Murad Musayev bir neçə azərbaycanlı futbolçunu ixtiyarında görmək istəyir. Onlardan hələlik üçünün adı bizə məlumdur.

Söhbət “Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyev, “Qarabağ”ın hücumçusu Ramil Şeydayev və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdan gedir.

Musayev hər üç futbolçunu yeni mövsüm üçün qurulacaq komandada görmək istəyir. Ramillə Eminin klubları ilə müqaviləsi mövsümün sonunda yekunlaşacaq. Eldar Quliyev isə yanvarda “Zirə”nin sıralarına qoşulub.

“Sabah” rəhbərliyi baş məşqçinin istəyi ilə bu futbolçuları heyətinə qatmağa cəhd göstərəcək. Artıq onlarla danışıqların başladığı da bildirilir. Təbii ki, rəhbərlik bu futbolçuları razı salmaq üçün kifayət qədər yüksək büdcə ayırmağın da fərqində olduğunu anlayır. Əsas hədəf mayın sonu, iyunun əvvəlinə kimi yerli transfer bazarında bütün məsələləri həll etməkdir. Daha sonra diqqətlər ölkə xaricinə yönələcək.

Aut.az

Exit mobile version