AUT.AZ

Mafiyanın hədəfində olan Messi: Onlar futbolçudan nə istəyirlər?

24 iyun 1987-ci il – Bu tarix Argentina və dünya futbolçu üçün böyük gündür. Çünki həmin tarixdə Lionel Messi dünyaya göz açıb.

Ancaq onun doğum günündə doğma Rosario və digər şəhərlərdə atəş və partlayış səsləri eşidilib. İnsanlar “məcburi tabeçilik haqqında” qanunun qəbuluna etiraz edirdilər. Nəticədə hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurma yaşanmağa başladı. Bu hadisələr onsuz da ağır olan iqtisadi böhranı daha da dərinləşdirdi. Yaşananlardan 35 il ötməsinə baxmayaraq, Argentinada həyat səviyyəsi aşağı düşməyə davam edir.

Rosarioya gəlincə, bura cinayətkarların şəhəridir desək, yanılmarıq. Çoxsaylı qruplaşmalar, müəmmalı qətllər və hər gün sayı-hesabı olmayan silahlı qarşıdurmalar. Bu, bir şəhərin barışdığı acı taleyi və Messinin həmşəhərlilərin yaşamağa məcbur olduğu reallıqdır.

Ötən ayın əvvəlində Leonun qayınatası Xose Rokutsoya məxsus supermarketin hücuma məruz qalması heç kəsi təəccübləndirmədi. Bu, hamı üçün sıradan hadisə idi. Ancaq bu hücumu təşkil edənlərin superulduza bir mesajı var idi: “Messi, səni gözləyirik. Yavkin də narkotik ticarəti ilə məşğuldur, ona görə də sənin vecinə olmaz”.

Bu, əslində Leoya deyil, mesajda adı çəkilən şəhərin meri Pablo Yavkinə ünvanlanmış hədə idi. Messi isə hücumu şərh etməyib. Lakin bu xəbərin ona necə təsir etdiyini təsəvvür etmək çətin deyil.

Rosario narkotik ticarəti mərkəzinə çevrilib. İnsanlar evlərini tərk etməyə qorxurlar. Messi karyerasını doğma şəhərində başa vurmağa və doğma komandası”Nyuells Old Boys”la Argentina çempionatında oynamağa hazır olduğunu dəfələrlə bildirib. Ancaq son hadisələr futbolçunun planlarını əhəmiyyətli dərəcədə dəyişə bilər. Çünki Rosario təkcə Messi, Çe Gevara, Anxel Di Mariya, Mauro İkardi, Sezar Luis Menotti, Marselo Bielsa kimi bir sıra məşhur futbolçu və məşqçilərin doğulduğu yer deyil, həm də böyük limandır. Yüz illər əvvəl gəmilər Argentinanın şərqindəki Pampa Umeda ətrafını əhatə edən münbit otlaqlardan onun vasitəsilə taxıl daşıyırdılar. Ancaq son onilliklərdə Rosario Boliviyada yetişdirilən və Paraqvayda qablaşdırılan kokain üçün böyük bir mərkəzə çevrilib.

Bu gün 900000 nəfər əhalisi olan şəhərdə vəziyyət “Eskobar” filmindəki kimidir. Şəhər mərkəzindən kənarında yerləşən tarlalar mütəmadi olaraq təyyarələr tərəfindən “bombalanır”. Kokain paketləri atılır, sonra toplanaraq qarğıdalı tarlalarında gizlədilir. Rosarioda hər 100000 nəfərə 22 qətl hadisəsi düşməsi ölkə üzrə orta göstəricidən beş dəfə çoxdur. Qətllər getdikcə şiddətlənir. Artıq insanlar gün batdıqdan sonra evlərini tərk etməməyə çalışırlar. Təkcə ötən il şəhərdə narkotik saxlamaq ittihamı ilə 2077 nəfər həbs edilib. 2023-cü il başlayandan isə mafiyalar şəhərdə ən azı 65 nəfəri qətlə yetirib.

Dövlət cinayətkarlarla mübarizədə aciz qalıb. Hətta Milli Təhlükəsizlik Naziri Anibal Fernandes də bunu etiraf edir. Şəhərin meri Pablo Yavkin Argentina prezidenti Alberto Fernandesdən narkotik tacirlərlə mübarizə üçün daha çox federal resursların ayrılmasını tələb edib.

Leo Rosariodan 2000-ci ildə cəmi 13 yaşında ikən ayrılsa da, şəhər hələ də onun ürəyindədir. Messi və Dieqo Maradonanı “Barselona”ya transferində əməyi olan məşqçi və agent Xosep Mariya Minguella qeyd edir ki, Leo Rosario ləhcəsindən istifadə edir.

Messi hər il doğma şəhərə gəlir. Ancaq o, böyüdüyü və cinayətlərin geniş yayıldığı məhəlləyə deyil, La Kentukki ştatında yerləşən Funesdəki kəndə təşrif buyurur. Ancaq ulduz futbolçunun nə vaxtsa tamamilə qayıtması və ya karyerasının sonlarını orada keçirməsi ehtimalı getdikcə azalır.

Leo son zamanlar Barselonadan təxminən yarım saatlıq məsafədə yerləşən Gava şəhərində və ya Parisin ən dəbdəbəli rayonlarında qalmağa üstünlük verir. Doğma ölkəsinə olan sevgisi nə qədər güclü görünsə də, o, əqli cəhətdən avropalaşıb. Argentinanı 13 yaşında tərk etməsi bu məsələdə böyük rol oynayıb. O, həm də üç uşaq atasıdır. Karyerasını daha yaxşı formada başa vurmaq istəyir. Messi narkotacirlərlə müharibədə olan bir şəhərə geri dönərək ailəsini stress və təhlükə altına salmaq istəmir. Ona görə də superulduzun “Nyuells Old Boys”a dönməsi üçün Rosarioda möcüzəvi hadisələr baş verməlidir. İndiki halda isə bu, mümkün görünmür.

Heybət Məmmədov

Exit mobile version