AUT.AZ

“Neftçi” ayda 17 min manat məvacib alan bu futbolçudan qurtulmaq istəyir

“Neftçi” yeni mövsümün hazırlıqlarına indidən başlayıb. “Ağ-qaralar” komandadan göndəriləcək futbolçuların siyahısını müəyyənləşdirməyə çalışır. Bu işlə klubun idman direktoru Zaur Əzizov şəxsən məşğul olur.

Aut.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisini tərk edəcək yerl futbolçulardan biri müəyyənləşib. Bu, yarımmüdafiəçi Rəhman Hacıyevdir. Mövsümlərarası fasilədə 2 il icarə əsasında çıxış etdiyi “Şamaxı”dan “Neftçi”yə geri dönən futbolçu ümidləri doğrultmur.

Daha çox zədəli olan, sağlam olduğu müddətdə isə heyətə düşməkdə çətinlik çəkən Hacıyev artıq komandanın gələcək planlarına daxil deyil. Klub aylıq maaşı 17 min manat olan futbolçudan qurtulmağı planlaşdırır.

Rəhmanın “ağ-qaralar”la müqaviləsinin müddəti 2024-cü ilin mayın 31-ə qədərdir. Bu o deməkdir ki, onunla mövcud sözləşməsini ləğv etmək asan başa gəlməyəcək. Ona görə də, futbolçunun icarəyə göndəriləcəyi gözlənilir.

Artıq Hacıyevin xidmətində maraqlı olan 2 klub var. Onlardan biri doğulduğu bölgəni təmsil edən “Turan Tovuz”dur. Ayxan Abbasov 29 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Rəhman özü də bu transferə isti yanaşır.

Hacıyevin xidmətində “Sumqayıt” da maraqlıdır. Yeni mövsüm planlarını indidən quran baş məşqçi Samir Abasov futbolçunu sərəncamında görmək istəyir.

Aut.az

 

Exit mobile version