AUT.AZ

ÇL: “Milan” “Napoli” mifini dağıdır

Aprelin 11-də UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. 

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Ən maraqlı görüş İngiltərədə keçirilib.  Turnirin favoritləri – “Mançester Siti” və “Bayern” birincilərin meydanında üz-üzə gəliblər. “Şəhərlilər” Münxen nəhənginə heç bir şans verməyiblər.

Gecənin digər matçı Portuqaliyada keçirilib. “Benfika” doğma meydanda “İnter”ə müqavimət göstərə bilməyib.

Mərhələnin maraqla gözlənilən digər iki görüşü bu gün – aprelin 12-də baş tutub.

ÇL-nin son qalibi “Real” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. La Liqada çempionluq mübarizəsində “Barselona”dan bir xeyli geri düşən “qalaktikos” bütün diqqətinin qitənin bir nömrəli klub turnirinə yönəldib. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda “zadəganlar”la görüşlərin favoriti olduğunu ilk qarşılaşmada sübut edib – 2:0.

Gecənin digər matçı İtaliyada keçirilib. “San Siro”da baş tutan görüşdə bu ölkənin iki təmsilçisi – “Milan” və “Napoli” üz-üzə gəlib. Neapollular bu mövsüm həm A seriyasında, həm də Çempionlar Liqasında inamlı çıxış edir. Ancaq “rossonierilər” də inadkarlığı ilə ad çıxarıb. “Qırmızı-qaralar”ın bir neçə həftə öncə “Napoli”ni səfərdə 4 cavabsız qolla darmadağın etməsi bu oyuna olan marağı birə beş artırırdı. “Milan” yenə də qalib gəlib və deyəsən, “Napoli” mifini dağıdır – 1:0.

UEFA Çempionlar Liqası, 1/4 final
11 aprel

23:00 Benfika – İnter – 0:2
Baş hakim: Maykl Oliver (İngiltərə).
Lissabon. “Estadio da Luz”.

23:00 Mançester Siti – Bayern Münhen – 3:0
Baş hakim: Xesus Mansano (İspaniya).
Mançester. “Etihad” stadionu.

12 aprel

23:00 Real – Çelsi – 2:0
Baş hakim: Fransua Leteksıe (Fransa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.

23:00 Milan – Napoli – 1:0
Baş hakim: İstvan Kovacs (Rumıniya).
Milan. “San Siro” stadionu.

Exit mobile version