AUT.AZ

Cavid Hüseynov “Qarabağ”ın bu futbolçularını istəyir: Qurban Qurbanovdan xahiş etdi və…

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Şamaxı”nın de-fakto baş məşqçisi Cavid Hüseynov yavaş-yavaş yeni mövsümlə bağlı planlar qurmağa başlayır. Gənc mütəxəssis, komanda elitada qalacağı təqdirdə daha yaxşı futbolçulara sahib olmaq istəyir. Buna görə şəxsi nüfuzundan, münasibətlərindən istifadə etməyə çalışır.

Aut.az-ın əldə etdiyi məlumata görə, Hüseynov yeni mövsümdən ixtiyarında görmək istədiyi futbolçuların siyahısını müəyyənləşdirib və onların transferi ilə bağlı şəxsən hərəkətə keçib. O, ilk həmləsini edib.  Cavid Hüseynov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla söhbət edərək 2 futbolçunu ixtiyarında görmək istədiyini bildirib. Söhbət Rahil Məmmədov və İsmayıl İbrahimlidən gedir. Hüseynov onları icarə əsasında “Şamaxı”ya cəlb etməyi planlaşdırır. Hətta Qurbanova onların əsas heyətdə oynayacağı barədə söz də verib.

Qurbanov isə Ağdam təmsilçisinin əsas heyətinə düşməkdə çətinlik çəkən İsmayılla bağlı təklifə müsbət yanaşıb. Rahillə bağlı məsələyə isə yayda dönməyi təklif edib. İsmayılın xidmətində “Zirə” də maraqlıdır. Rəşad Sadıqov da onu icarə əsasında sərəncamında görmək istəyir.

Qeyd edək ki, 29 turdan sonra “Şamaxı” sonuncu sırada qərarlaşan “Səbail”lə eyni miqdarda – 21 xal toplayıb.

Aut.az

 

Exit mobile version