AUT.AZ

“Bu çempionluq şimaldakı zülmdən qurtuluş, qisas olacaq”

Aurelio De Laurentis “Napoli”nin iflasın bir addımlığından  Çempionlar Liqasına qədər keçdiyi yolu təsvir edib.

“2004-cü ildə “Napoli”ni aldığımız zaman klub iflas ərəfəsində idi. Burada heç nə yox idi. Nə yaxşı oyunçular, nə infrastruktur, nə də heç nə. Biz sıfırdan yeni reallıq yaratdıq.

Maradona ilə möhtəşəm çempionluqdan sonra klub getdikcə Skudettodan uzaqlaşdı və az qala müflis oldu. Amma biz onu böhrandan çıxardıq. Biz 14 il ardıcıl Avropada çıxış edən yeganə İtaliya klubuyuq. “Yuventus” ikincidir – 13 il.

“Napoli”nin bu qədər uzun müddət titul qazanmaması təkcə komandanın özü ilə deyil, həm də indi yavaş-yavaş, lakin əminliklə ortaya çıxan amillərlə bağlıdır (yəqin ki, “Yuventus”a qarşı açılan maxinasiya davasına istinad edilir). Amma bu haqda danışmayacağam.

Başa düşürəm ki, Neapol və neapollular üçün nəhayət ki, 33 ildən sonra çempionluğu qazanmaq vacibdir. Şəhər və onun sakinləri üçün bu, İtaliyanın şimalındakı zülmdən qurtuluş, özünü imkansız hiss edənlərin qisası kimi olacaq. Amma mən şimalla cənubun birləşməsi üçün mübarizə aparıram.

Biz A Seriyasına qayıdanda “Napoli” klub reytinqində 550-ci yerdə idi. İndi biz ilk iyirmiliyə düşmüşük və Çempionlar Liqasının 1/4 finalında oynayırıq. Şöhrət kuboklarla deyil, onlar üçün görülən işlərlə taclanır”, – “Napoli” prezidenti “De Telegraaf”-a müsahibəsində deyib.

Aut.az

 

Exit mobile version