“Mançester Siti” Çempionlar Liqasının ilk 1/4 final matçında “Bavariya”nı darmadağın edib – 3:0.
Erlinq Haaland belə atəşfəşanlığı qaçırmır: norveçli Bernarda qol ötürməsi verdi, sonra isə komandasının 3-cü qolunu vurdu.
Erlinqin tipik günü, həm də tarixi: 39 oyunda 45 qol vuran Haaland Premyer Liqada daha bir rekord qırdı. O bir mövsümdə ən çox qol vuran futbolçu statusuna yüksələrək bu əfsanələri geridə qoyub:
Məhəmməd Salah – 52 oyunda 44 qol, 2017/18 mövsümü.
Ruud van Nistelroy – 53 oyunda 44 qol, 2002/03 mövsümü.
Kriştiano Ronaldo – 49 matçda 42 qol, 2007/08 mövsümü.
Norveçli hücumçu daha hansı rekordları qırmağa yaxındır?
1.Premyer Liqada mövsümün rekordu: 34 qol – Alan Şirer və Endi Koula məxsusdur. Haaland hələ ki, 30 qol vurub.
2.İngiltərə klubları üçün Çempionlar Liqasında mövsümün qol rekordu: 12 – Ruud van Nistelroya məxsusdur. Norveçlinin aktivində 11 qol var.
3.Çempionlar Liqası mövsümündə qol rekordu: 17 – Kriştiano Ronaldoya məxsusdur. Erlinq 11 qol vurub.
4.Bir mövsümdə Çempionlar Liqasının pley-off mərhələsində qol rekordu: 10 – Ronaldo və Kərim Benzemaya məxsusdur. Haalandın hesabında 6 qol var.
Amma etiraf edək ki, belə ağlasığmaz templə də Lionel Messinin bir mövsümdəki (73) qol rekordunu qırmaq qeyri-real görünür.
Aut.az