AUT.AZ

AFFA böyük dəyişikliyin astanasında: Milliyə bu 3 məşqçidən biri gətirilir

Sabah – aprelin 13-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Gündəmdəki əsas məsələ milli komanda ilə bağlıdır.

İclasda yığmanın baş məşqçisi Canni de Byazi hesabat verəcək. İtaliyalı məşqçi komandanın Avro-2024-ün seçmə mərhələsinə acı məğlubiyyətlərlə başlamasının səbəbini açıqlayacaq. Ola bilsin ki, bu onun Azərbaycandakı son hesabatı olsun. Çünki de Byazinin qələmi qırılıb.

AFFA uğrunda mübarizə aparan qüvvələr təqribən 2 həftədir ki, millinin Avstriya və İsveçlə oyunlardakı ağır məğlubiyyətlərini gündəmdə saxlamağa və məsələnin ictimaiyyətin nəzərindən yayınmamasına çalışır. Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Bu məsələdə əsas günahkar kimi isə AFFA rəhbərliyi göstərilir. Təbii ki, həmin qüvvələr haqlıdırlar. Onlar istəklərinə demək olar ki, nail olublar.

Narazılıqlar yüksək səviyyəyə çatıb. Təkcə azarkeşlər və futbol ictimaiyyətinin nümayəndələri deyil, dövlət dairələri də son nəticələrə görə federasiyaya etiraz etməyə başlayıb. Təzyiqlərə dözməyən AFFA İcraiyyə Komitəsinin iclasını keçirmək məcburiyyətində qalıb. Ötən həftəyə qədər milli komandada ciddi dəyişikliyin ediləcəyi gözlənilmirdi. Ancaq son günlərdə artan narazılıq dalğası qurumu çıxılmaz vəziyyətdə qoyub. İK-nin bir sıra üzvləri də italyan çalışdırıcının postunda qalmasında maraqlı deyil.

Bu səbəbdən AFFA-nın baş katibliyi təcili məşqçi axtarışlarına başlayıb. Canni de Byazi istefaya göndərilsə, millini yerli mütəxəssis çalışdıracaq. Çünki federasiya bu vəziyyətdə əcnəbi məşqçi axtarmağın mənasız olduğunu düşünür.

Aut.az İcraiyyə Komitəsinə təqdim ediləcək adlar haqda məlumat əldə edib. Bunlardan biri de Byazinin köməkçisi Arif Əsədovdur. Bu, müvəqqəti seçim olacaq. Əsədov komandanı yaxşı tanıdığı üçün ən yaxşı halda ilin sonuna kimi yığmaya rəhbərlik edə bilər.

Onun sonrakı müddətə postunda qalmayacağı dəqiqdir. Daha uzunmüddətli layihə üçün isə 2 məşqçi təklif edilib. Söhbət Tərlan Əhmədov və Rəşad Sadıqovdan gedir.

Əhmədovu dəstəkləyən şəxslərin sayı çoxdur. Onun yaradıcılıq qabiliyyətinin yüksək olması və qısa müddətdə nəticə verməsi seçim şansını xeyli yüksəldib. Bundan əlavə, 51 yaşlı mütəxəssisin özü də mətbuata verdiyi açıqlamalarda millidə çalışmağın onun üçün şərəf olacağını bildirib ki, bu da aidiyyəti  qurumlar tərəfindən müsbət qarşılanıb.

Rəşad Sadıqovla bağlı məsələ də kifayət qədər ciddidir. “Zirə” ilə yollarını ayırmaq üzrə olan çalışdırıcıya böyük layihə gözü ilə baxılır. Ancaq onun qəsəbə komandasındakı stabil olmayan perfomansı AFFA-da narahatlıq doğurub. Buna görə də Sadıqov ətrafında fikirlər haçalanıb.

Adını sadaladığımız şəxslər AFFA-nın indiki deyil, gələcək rəhbərliyinin planına daxildir. Federasiya daxilində müəyyən qədər inqilab etməyə nail olan həmin qüvvə indidən bəzi məsələlərə müdaxilə etməyə başlayıb. Onlar fürsət düşmüşkən milli komandaya da əl gəzdirməyi düşünürlər. İndiki vəziyyət isə onlar üçün əsl fürsətdir.

Aut.az

 

Exit mobile version