AUT.AZ

Qurban Qurbanov, o səhvi bir də təkrarlama, Rəşada da de ki…

Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsinin ilk 2 oyunundakı biabırçı nəticəsi AFFA-nı cəmiyyətin hədəfinə çevirib. Qurban axtarırlar. Canni de Byazinin qovulma ehtimalı böyükdür. Elə cəmiyyət də Qurban axtarır. Həm də Qurban Qurbanovu axtarır. Qurban vermək üçün.

Yenə də bir neçə ilə bundan əvvəlki tələblər səslənir: Milliyə Qurban Qurbanov gətirilməlidir.

Hələ o vaxt bəndəniz az qala yalvarırdı ki, ay Qurban, sənə Rövnəq, Elxan qurban, getmə milliyə. Səni ora gözdən salmaq üçün aparırlar. Həmin vaxt da eyni situasiya idi. Quyruğu qapı arxasında qalmışdı Rövnəq Abdullayevin. Cəmiyyət eninə-uzununa söyürdü.

Hiss etmişdim Qurbanın milli istəyini. Nəyə arxayın idi, kimə güvənirdi, bilmirəm. Amma dəqiq bilirdim ki, səhv edir milliyə getməklə. Nə isə… Getdi, bir ildən sonra urvatsız şəkildə qovuldu.

Bu gün də tarixi təkrarlayırlar elə bil. Yenə də quyruq qapı arxasındadır. Elxan Məmmədov Parisə qaçıb. Quyruğu əldə qalan isə Rövnəq Abdullayevdir. Yenə də Qurbandan yapışa bilərlər.

Azərbaycan millisinin heç bir perspektivi yoxdur, lap şeytanın özünü gətirsələr belə. Azərbaycanda yığma komandanın olması üçün əvvəlcə uşaq futbolu olmalıdır. Uşaq futbolunun olması üçün də gərəkdir ki, infrastruktur qurulsun, kadrlar yetişsin, ondan sonra da futbolçu.

Hə, futbolçu yetişəndən sonra Qurbanı gətirmək olar milliyə, ki, nəticə olsun. Ona qədər isə Rövnəq Abdullayev başının dəstəsi ilə AFFA-dan rədd edilməlidir. Rədd edilməlidir ki, iş başlasın futbol təsərrüfatında.

Amma indi buraxın millinin başını. Qoy ora formal olaraq bir yerli mütəxəssis təyin etsinlər, baş girələsinlər.

Qurbanla isə işiniz olmasın, ay cəmiyyət. Bir də o səhvi buraxma, Qurban Qurbanov. Rəşad Sadıqova da təpin. Hiss olunur ki, milliyə can atır. Təpin, de ki, hələ səni məşqçi  kimi qazanmamışıq. Və qazanmadan da itirə bilərik. Millidə. Könlünüzdən Qurban olmaq keçir? Kimə?

Natiq Muxtarlı  

 

Exit mobile version