AUT.AZ

“Çelsi” onun ikinci, bu xanım isə birinci sevgisidir – FOTOLAR

Frenk Lempard bir neçə gündür “Çelsi”nin baş məşqçisidir! Heç kim bunu gözləmirdi – nə London klubunun azarkeşləri, nə də Frenkin özü.

Ancaq London komandasının tarixinin ən yaxşı bombardiri çətin anlarda “zadəganlar”a arxa çevirə bilmədi. Çünki “Çelsi” onun ikinci sevgisidir.

Onun birinci sevgisi isə həyat yoldaşı Kristin Lyuisdir. O, 1979-cu ildə Şimali İrlandiyanın Nyuri şəhərində anadan olub. Frenkdən altı ay kiçikdir. Kristin Britaniyanın məşhur teleaparıcılarından biridir. Uzun müddət BBC-də çalışıb, indi İTV və UKTV ilə işləyir. 2010-cu ildə “İlin ən yaxşı teleaparıcısı” titulunu qazanıb.

Kristin, həmçinin filmlərdə rol alır, cizgi filmləri səsləndirir. Xeyriyyə işləri ilə də məşğul olur. Aparıcı olmaqla yanaşı, tanınmış proqramlarda qonaq qismində iştirak edir.

O, Lempardın həyatında “ikinci bahar” hesab edilir. Lempard 2009-cu ildə iki qızının anası olan ispan model Helen Rivas ilə münasibətlərini bitirdikdən sonra Kristinlə tanış olub. Bu, “Britaniyanın Qüruru” adlı mükafatlandırma mərasimində reallaşıb.

Frenk və Kristin 2015-ci ildə Londonda evləniblər. Mərasimdə Con Terri, Petr Çex, Branislav İvanoviç, Ueyn Runi, Rio Ferdinand, Harri və Ceymi Rednapp kimi tanınmış futbolçular iştirak ediblər.

Cütlüyün iki uşağı var. 2018-ci ildə qız, 3 il sonra isə oğlan övladları dünyaya gəlib. İngiltərə futbol ictimaiyyətində hər kəsi maraqlandıran sual var. əfsanəvi yarımmüdafiəçi oğlunu hansı klubun futbol məktəbinə yazdıracaq? Super Frenk yetişdiyi “Vest Hem”i seçsə, o zaman Lempardlar nəslinin üçüncü nümayəndəsi bu klubda oynamış olacaq.

Exit mobile version