AUT.AZ

Cavid Hüseynovun tələbi: Elitanı heç bir klub tərk etməməlidir

Azərbaycan Premyer Liqasında 29-cu turun oyunlarından sonra mübarizə kəskinləşib. Bu, əlbəttə ki, son sıralara aiddir. Əsas diqqət 4 komandanın mübarizəsinə yönəlib.

Elitada qalmaq uğrunda mübarizə aparanlardan biri də “Şamaxı”dır. “Aslanlar” “Səbail”lə birlikdə son sıralarda qərarlaşıb. Bu məqamı nəzərə alaraq komandanın baş məşqçisi Cavid Hüseynovla söhbətləşdik. Gənc çalışdırıcı Premyer Liqada iştirakçı sayını artırmadan hansı komandanın Birinci diviziona düşməsini düzgün hesab etmir.

– Bu turun oyunlarından sonra son sıralarda vəziyyət bir az da gərginləşdi. Bundan sonra mübarizənin daha gərgin keçəcəyini gözləmək olar?

– Əvvəlcədən məlum idi, sonuncu dövrə Premyer Liqada qalmaq üçün mübarizə aparan 4 komandaya asan olmayacaq. Hər bir komanda elitadan düşə bilər. Hər bir oyun finala, hər bir xal qızıla bərabərdir. Bizim komanda üçün də çətindir. Gənc futbolçularımız var. Kefiyyətin bir az aşağı olması nəticəyə çox təsir edir. Amma ümumilikdə gücümüzü səfərbər edəcəyik. Planımız da, hədəfimiz də “Şamaxı”nı çempionatda saxlamaq üçündür.

– Bir klubun elitanı tərk etmə ehimalının olması rəqabəti artırır. Bunun müsbət nəticəsi olacaqmı?

– Rəqabət və gərginlik hiss olunur. Bu da futbolçuların inkişafına gətirib çıxarır. Amma başqa məsələ var. Yaxşı, bir komanda Premyer Liqadan getdi, diviziondan biri onun yerinə gəldi. Həmin klub da hər şeyə sıfırdan başlayacaq. Hər dəfə belə olsa, hansı inkişafdan danışa bilərik? Bu məqam futbol ictimaiyyətinin nümayəndəsi kimi məni narahat edir. Bəli, çempionatdan düşən komanda olmalıdır. Amma iştirakçı sayı 14-ə qədər artırılsa, daha yaxşı olar. Bundan sonra düşən komanda məsələsinə baxmaq olar. Düzdür, bu məsələdə sponsor, maliyyə, infrastruktur kimi detallar var. Amma istəyərdik ki, hər şey daha yaxşı olsun.

– Bəs “Şamaxı”da maliyyə və sponsor məsələsində vəziyyət necədir?

– Rəhbərlik sponsorlarla görüşür. Amma mənim rəhbərliklə danışığım olmayıb. İstəyərik ki, danışıqlarımız tez olsun. Amma biz elitadakı yerimizi hələ təmin etməmişik. Ona görə də gözləmələyik.

– “Şamaxı” Premyer Liqanı tərk etsə, komandanı qorumağa çalışacaqsınız?

– Komanda aşağı liqaya düşsə, çəkdiyimiz əziyyətə görə çox heyfslənərik. Ən çox əziyyəti bu klub çəkir. Həm məşqçi heyəti, həm də futbolçular olaraq. Sıfırdan başladığımız üçün bu, aydın hiss olunur. Heç vaxt oranı fikirləşməmişik.Deyim ki, “birinci divizionda necə olacaq” deyə düşünmüşəm, yalan olar. Həyatda hər şey ola bilər. Amma inamımız böyükdür ki, bu il istədyimizi edib Premyer Liqada qalacağıq.

– Ötən il futbolçularınızın əksəri tanınmırdı. Bu gün isə onların adları aparıcı klublarla yanaşı hallanır…

– Mən bu məsələyə birmənalı yanaşmıram. Nəyə görə? Digər klublarımızın əksəri avrokuboklar və yüksək pillələr uğrunda mübarizə aparırlar. Ona görə həmin komandalar kefiyyət axtarırlar. İstəyirlər ki, futbolçular fiziki, texniki-taktiki, intelektual səviyyədə yüksək olsunlar. Bu cəhətdən oyunçularımız bir az geri qalır. Bizim kimi komandanın olması yaxşı haldır ki, bu futbolçuların səviyyəsini və çatışmazlıqlarını qalxsın. Mən demirəm ki, futbolçularımız ötürmə verə bilmirlər. Amma onlar Premyer Liqa səviyyəsində təzyiqə, sürətə və digər məqamlara uyğunlaşmalıdırlar. İndi komandamızda inkişaf var. Bu da göz önündədir. İstəsək, çalışsaq, hər şey yaxşı olar.

Aut.az

Exit mobile version