AUT.AZ

Elmar Baxşıyev: “Səhvə görə kimisə ehtiyata atmıram”

“Qəbələ” klubu Azərbaycan Premyer Liqasının 29-cu turunda doğma meydanda “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

– Matçın əhəmiyyətini dərk edirdik. “Zirə” turnir cədvəlində bizim rəqibimizdir. Düşünürəm ki, komandam layiqli qələbə qazandı. “Sabah”la görüşün son dəqiqələrində qol buraxsaq da, komanda həftə ərzində psixoloji eniş yaşamadı. Hər məşqdə hiss edirdik ki, futbolçular “Zirə” ilə matça yüksək motivasiya ilə hazırlaşır. Ümumi götürəndə komandadan razıyam. Məğlub olduğumuz oyunlarda da meydanda mənim istədiyimi veriblər. Amma hələ çempionat bitməyib, qarşıda oyunlar var.

– İki oyundur ki, heyətdə rotasiyalar edirsiz. Bu, nə ilə bağlıdır?

– Çempionat ərzində rotasiyalar edirik. Məşqlərdə kimin durumu yaxşı olursa, onlara şans veririk. Muraddan da, Ürfandan da oyun planında razıyıq. Onlar da şans düşən kimi komandanın oyununa güc qatırlar.

– Artıq şəxsi oyunlarda “Zirə”ni üstələdiz. Bu, sizə nə dərəcədə avantaj verir?

– Ümumi götürəndə hələ heç bir avantaj yoxdur. Qarşıda çoxlu oyunlar var. Ona görə də həmin matçlara hazırlaşmaq lazımdır. Sırf bu oyunun eyforiyası ilə yaşamağa ehtiyac yoxdur. Dərk edirik ki, çempionatda 4-cü olub avrokuboklara getməmək də olar. Həm kuboka, həm də çempionata tam şəkildə köklənəcəyik.

– Qarşıda sıx qrafik olacaq. Komandanız buna hazırdır?

– Həm psixoloji, həm də funksional olaraq komandam möhkəmdir. Düşünürəm ki, sıxıntı yaşamamalıyıq.

– “Sabah” matçdan sonra yəqin ki, Səlahət Ağayevdən narazı qalmısız. İmkan olsaydı, bu gün qapıda rotasiya edərdiz?

– Mən səhvə görə kimisə ehtiyata atmıram. Səlahət inandığım futbolçudur. Hər futbolçu səhv edir. Keçən oyunda Səlahətin səhvlərinə görə qollar buraxdıq. Amma futbol səhvlər oyunudur. Futbolçularıma inanıram. Həmişə onlara dəstək olacağam ki, eniş yaşamasınlar.

Exit mobile version