AUT.AZ

Sadıqov rusiyalı məşqçiləri aşağıladı: Peşəkarlar çox deyil

Rusiya Premyer Liqasında çıxış edən “Ximki” klubunun sahibi Tufan Sadıqov maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, sözügedən ölkənin mətbuatına danışan milyarder iş adamı mövsüm ərzində dörd baş məşqçi dəyişməsinin səbəbini açıqlayıb:

“Hər kəs (səhvlərindən) dərs alır… Bu, futboldur. Məsələn, “Ural”da məşqçi dəyişdi, “Soçi”də də. Həmçinin “Krasnodarda” da. Peşəkar məşqçilər çox deyil. Onlardan çox azdır, tapmaq çətindir. Məşqçidən daha çox futbolçu var”.

Sadıqov bildirib ki, “Ximki”nin Birinci diviziona düşüb-düşməməsi klubun inkişaf planına mane olmayacaq. Azərbaycanlı iş adamı Moskvada ən böyük futbol mərkəzinə sahib olacaqlarını söyləyib:

“Ximki”nin beş il üçün inkişaf planı layihənin bütün iştirakçıları tərəfindən təsdiqlənib. Hətta büdcə də təsdiqini tapıb. Komandanın Premyer Liqa və ya birinci divizionda oynamasının fərqi yoxdur. Hərçənd “Ximki”nin Premyer Liqada qalacağına əminəm. Artıq Dmitrovski rayonunda, Soroçanıda böyük futbol mərkəzi layihələndirilib. Yaxın 6 ayda onun icrasına başlanacaq. Layihə ekspertizadan keçirilir. Bu infrastruktur Moskva vilayətində ən böyük futbol mərkəzi olacaq”.

Qeyd edək ki, “Ximki” 16 komandalı Rusiya Premyer Liqasında 13 xalla 15-ci pillədə qərarlaşıb.

Maraq üçün əlavə edək ki, Moskva təmsilçisində çalışan azərbaycanlıların sayı az deyil. Yarımmüdafiəçi Ayaz Quliyev əsas komandanın üzvüdür. Bundan başqa, Nazim Süleymanov əvəzedici komandanın baş məşqçisi, milli komandamızın sabiq üzvü Emin Ağayev də onun köməkçisidir. Klubun idman direktoru Anar Məmmədov da həmyerlimizdir.

Tufan Sadıqov mövsümün əvvəlində əsas komandanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova tapşırmaq istəsə də, 50 yaşlı çalışdırıcı bu məsələyə isti yanaşmayıb.

Exit mobile version