AUT.AZ

Azərbaycanda futbolçular oyun vaxtı iftar aça bilərlər? – Rəsmi açıqlama

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Sabah” – “Qəbələ” matçında (3:2) diqqət çəkən hadisə yaşanıb.

63-cü dəqiqədə qonaqların bir neçə futbolçusu və məşqçisi yaranmış fasilədən istifadə edərək oruclarını açıblar Bu da “Sabah”ın baş məşqçisi Murad Musayev tərəfindən etirazla qarşılanıb. O, vaxtın getdiyini bildirərək buna etiraz edib. Musayev onların oruc açmalarından köməkçi məşqçinin məlumat verməsindən sonra xəbər tutub. Bundan bir neçə dəqiqə sonra isə görüşün baş hakimi Cavid Cəlilov futbolçuların rahat iftar etməsinə şərait yaradıb.

Futbolçuların oruc tutması həmişə futbol dünyasında geniş müzakirələrə səbəb olub. Oyunlar zamanı futbolçuların iftar etməsinə şərait yaradan liqalar da var, buna qarşı olanlar da. Bu məsələ çox müzakirə olunub. Bəs Azərbaycan futbolunda buna münasibət necədir? Məsələ ilə bağlı futbol üzrə ölkə çempionatlarının təşkilatçısı Peşəkar Futbol Liqasının münasibətini öyrəndik.

Aut.az xəbər verir ki, qurumun prezidenti Elxan Səmədov Publika.az-a müsahibəsində bu məsələyə belə aydınlıq gətirib:

“Bununla bağlı hər hansı rəsmi qərar yoxdur. Bu, daha çox mənəvi məsələdir. Lakin ümumi durumu və oruc tutan futbolçuların olduğunu nəzərə alaraq, Hakimlər Komitəsinə iftar vaxtına düşən oyunlarda futbolçuların ən azı su ilə orucunu açmasına şərait yaratmasını bildirmişik. Oruc açılmasına görə yaranan, təxminən 1 dəqiqəlik fasilə, düşünürük ümumi işə mənfi təsir göstərmir”.

Qeyd edək ki, Elxan Səmədovla geniş müsahibə ilə yaxın günlərdə tanış ola biləcəksiniz.

Exit mobile version