AUT.AZ

“Kəpəz” stadionsuz qalsa, necə olacaq? – İlqar Nadiri deyir ki…

Mövsümün sonunda əsasnaməyə əsasən bir klubun Azərbaycan Premyer Liqasını tərk edəcəyi hər kəsə məlumdur. Bir neçə gün öncə bu klubun “Kəpəz” olacağı barədə məlumat vermişdik.

Komandanın ev oyunlarının keçiridiyi Gəncə Şəhər Stadionu yararsız vəziyyətdə olduğundan, komandanın ev oyunlarının burada keçirilməsinə icazə verilməyəcəyi barədə informasiya var. Bu səbəbdən “Kəpəz” yeni mövsüm üçün lisenziya almaya bilər.

Məsələyə Gəncə təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadiri münasibət bildirib:

“Hazırda belə məsələ yoxdur. Lisenziya üçün lazım olan bütün sənədləri veririk. Stadionun ot örtüyü də mövsümün əvvəlindəki kimi yaxşı vəziyyətdə olacaq. Neçə mövsümdür ki, bu qazondan istifadə edirik. Heç vaxt meydança bu vəziyyətdə olmayıb. İnanırıq ki, bu hal bir daha baş verməz. Komanda üçün də belə ot örtüyündə oynamaq çox çətindir.

Hazırda alternativ stadionumuz yoxdur. Mövsümün əvvəlində ev oyunlarımızı Qəbələdə keçirirdik. Həmin oyunlarda qələbə qazanmaqda çətinlik çəkirdik. Evdə oynayanda komandada 180 dərəcə dönüş yaranır. Rəqiblərin hər biri üçün Gəncədə oynamaq çox çətindir. Burada “Qarabağ” və “Sabah” kimi komandalara qarşı yaxşı oyun göstərmişik, onlardan xal almışıq”.

“Gəncə Şəhər Stadionunda oyunlarınızı keçirməyə icazə verilməsə, alternativ variantınız var” sualına isə İlqar Nadirinin cavabı qısa olub: “Bu haqda hələ fikirləşməmişik”. (Publika.az)

Exit mobile version