AUT.AZ

Türkiyə azərbaycanlı futbolçularla bağlı tarixi qərara hazırlaşır – Limit ləğv edilərsə….

Türkiyə ilə Azərbaycan münasibətlərindəki qardaşlıq əlaqəsi daha bir sahəyə çatıb – futbola. Bəli, uzun illərdir kənardan azarkeşlik etdiyimiz qardaş ölkə futbolu ilə münasibətlərdə istilik yaranıb. “Qarabağ”la “Qalatasaray” arasında keçirilən yoldaşlıq oyunu bu məsələdə çox böyük rol oynayıb.

Həmin görüşdən sonra qardaş ölkədə Azərbaycan futboluna olan yanaşma xeyli dəyişib. Artıq Türkiyədən müsbət sinqallar və təkliflər gəlir. Oyunçularımızla maraqlananlar da var, futboldakı münasibətlərin birləşməsini istəyənlər də.

“Qalatasaray”ın prezidenti Dursun Özbək bu yöndə aktiv şəxslərdən biridir. Klub rəhbərinin Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı turnir keçirilməsini təklif etməsi barədə ötən gün yazı təqdim etmişdik. Özbəyin başqa bir təklifi isə azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması ilə bağlıdır. O, artıq klubu adından yerli federasiyaya müraciət etməyə hazır olduğunu bildirib.

Bəli, bu məsələ Azərbaycan futbol ictimaiyyətinə çox yaxşı tanışdır. Dəfələrlə bizim tərəfdən bu təklif irəli sürülüb. Ancaq heç vaxt ortaq məxrəcə gəlmək mümkün olmayıb. Yayılan informasiyalara inansaq, əvvəlki illərdən fərqli olaraq bu dəfə limitlə bağlı müzakirələr Türkiyədə müsbət qarşılanır. Artıq federasiyalar arasında danışıqların başladığı barədə iddialar var. Məlumata görə, oyun zamanı meydanda olan bir azərbaycanlı futbolçunun legioner hesab edilməməsi təklif edilir. Bu qərar Azərbaycan futbolunda da qüvvədə ola bilər.

Yaxın keçmisə nəzər salsaq, azərbaycanlı futbolçuların qardaş ölkədə legioner hesab edilmədiyi vaxtların olduğunu görə bilərik.

“Əvvəllər belə qayda var idi. Birinci liqada çıxış edən azərbaycanlılar legioner hesab edilmirdilər. Daha sonra regional liqalarda da futbolçularımız əcnəbi hesab edilmədən çıxış edirdi. Düzdür, bunlar super liqaya aid deyildi. Amma həmin vaxtkı qərarlar belə bir çox futbolçumuzun sözügedən çempionatlara yollanmasına səbəb olmuşdu”.

Bu sözləri futbol meneceri Səbuhi Səfiyarlı deyib. O bildirib ki, bu limitin sonradan ləğv edilməsi futbolçularımıza ciddi problemlər yaradıb:

“Limit tətbiq edildikdən sonra oyunçularımızın Türkiyədə çıxış etmə prosesi, demək olar, dayandı. Bununla futbolçularımızın oynamaq şansı azaldı. Əsas səbəb isə Azərbaycanda klubların sayının az olmasıdır. 10-16 peşəkar klub var ki, bu da ölkəmiz üçün çox azdır. Buna görə də futbolçular oynamağa yer tapmadılar. Ona görə həvəskar liqalarda oynamağa məcbur oldular. Türkiyə kimi çempionat və klub sayı çox olan futbol ölkəsi ilə limit məsələsində anlaşmaq, oyunçularımız üçün faydalı olacaq”.

Səfiyarlının sözlərinə görə, bu məsələdə razılıq əldə olunarsa, azərbaycanlı futbolçuların inkişafı baxımından önəmli addım atılacaq. Çünki Türkiyədə oynamaq legioner həyatı yaşamaqda çətlinlik çəkən oyunçularımızın Avropa futboluna uyğunlaşmasına böyük kömək ola bilər:

“Bizim futbolçuların potensiallarını açma yaş həddi Avropa ilə müqayisədə yüksəkdir. “Köhnə qitə”də 16-17 yaşdan söhbət gedirsə, bizim futbolçular üçün bu həd 23-24-dür. Ona görə də oyunçular Türkiyəyə getməklə potensiallarını daha yaxşı aça bilərlər. Bizim futbolçuların birbaşa Avropaya getməsi də çox çətindir. Çünki bizim liqanın nüfuzu o qədər yüksək deyil ki, Avropadan kimsə ora birbaşa futbolçu aparsın. Bundan başqa, bizim futbolçuların o atmosferə adaptasiya olunması çox çətin olur. Türkiyədə oynayıb, ondan sonra Avropaya getmək çox yaxşı olar. Çünki 1-2 il ərzində yüksək səviyyəli tələblərə tez öyrəşərdilər.

Hansısa şərtlər altında bu prosesin reallaşmasına futbolumuzun çox ehtiyacı var. Lazım deyil ki, futbolçularımız Türkiyədə legioner sayılmasın. Sayda və yaşda məhdudiyyət qoysalar da, olar. Hər bir sahədə olduğu kimi futbolda da Türkiyənin dəstəyinə ehtiyacımız var. Heç olmasa 5 illik belə proqram qəbul edilsə, futbolumuza çox böyük köməyi dəyəcək”.

Bu məsələ uzun illərdir aktualdır və tez-tez müzakirə edilir. Görüşlər zamanı həm AFFA, həm də Türkiyə Futbol Federasiyasının rəhbərliyi fikirlər səsləndirirlər. Ancaq nədənsə, ortaq məxrəcə gəlmək mümkün olmur. Budəfəki təklif ölkələrin futbol qurumlarından deyil, “Qalatasaray” kimi klubdan gəlib. Görək bu dəfə vəziyyət necə olacaq. (Publika.az)

Exit mobile version