AUT.AZ

“Səbail”i bu şəhərə göndərirlər? – Stadionu viran qalıb – FOTOLAR

Böyük futbol Azərbaycanın daha bir bölgəsinə qayıda billər. Söhbət Şirvan şəhərindən gedir.

Yeni strategiyaya əsasən, qarşıdakı mövsümlər ərzində ölkə çempionatında çıxış edən komandaların sayı artırılmalı və onların yarıdan çoxu əyalət təmsilçisi olmalıdır. Buna görə bir sıra addımlar atılır. Köklü, fəaliyyəti dayandırmamış komandaların yenidən futbolumuzun elitasına qayıtması üçün planlar qurulur. Bundan əlavə, paytaxtda məskunlaşan və heç bir faydası olmayan klubların regionlara köçürülməsi yönündə də addımlar atılır.

Ötən il “Keşlə” “Şamaxı”ya köçürülmüşdüsə, MOİK də yaxın vaxtlarda eyni aqibəti yaşayacaq. Paytaxtı tərk edəcək növbəti klub isə “Səbail” olacaq. Ayrılan böyük pullara, gətirilən ulduz futbolçulara, hətta komandanın avrokuboklarda oynamasına rəğmən, Bayıl qəsəbəsi bu komandanı doğma kimi qəbul etmədi. Nəticə odur ki, “Səbail” uzun illərdir ev oyunlarını boş tribunalar önündə keçirir. Ətrafda yaşayan insanlar ən yaxşı halda “Qarabağ”la “Neftçi”ni yaxından görməyə maraq göstəriblər.

“Səbail” hazırda Premyer Liqanın sonuncusudur. “Dənizçilər” “Kəpəz”, “Şamaxı” və “Sumqayıt”la elitada qalmaq uğrunda mübarizə aparır. Paytaxt təmsilçisi adları çəkilənlərdən fərqli olaraq “yetim” qalıb. Bakıdan kənarda məskunlaşan digər 3 klubun azarkeşləri, rayon ictimaiyyəti komandalarına dəstək olsalar da, qəsəbə komandasının halına yanan yoxdur.

Bu vəziyyət vadar ki, “Səbail” bölgəyə göndərilsin. Klubun qarşıdakı illərdə Şirvan şəhərini təmsil etməsi planlaşdırılır. Bunun üçün plan qurulub. Ancaq Şirvan böyük futbolu qəbul etməyə hazır deyil. Çünki komandanın məskunlaşacağı baza və stadion yoxdur. Daha doğrusu var, amma yox kimdiir.

2004-cü ildə Şirvan şəhər stadionu sökülərək yerində yeni idman kompleksinin tikintisinə start verilib. Amma ortada boz daş divarlardan başqa heç nə yoxdur. 2008-ci ildən sonra stadionda daş üstünə daş qoyulmayıb. Hazırda kompleks və stadion xarabalığa bənzəyir. İdman qurğsunun hansı qurumun tabeliyində olduğu da məlum deyil. Tikintinin sifarişçisi SOCAR olsa da, tikintiyə cavabdeh Şirvan Şəhər İcra Hakimiyyətidir. Ancaq hazırda heç bir qurum bu məsələdə özünü günahkar hesab etmir.

Aut.az-ın əldə etdiyi məlumata görə, tikinti işləri il ərzində davam etdiriləcək. Stadionun tutumu 3 min nəfər olacaq. Arena ətrafındakı kompleks də müasir standartlara uyğun inşa ediləcək. Bu necə olacaq? Məlum deyil. Versiyalardan biri odur ki, AFFA UEFA-nın ayırdığı maliyyə vasitəsilə yarımçıq qalan işləri tamamlayacaq. Məhz bundan sonra “Səbail”in Şirvana köçürülməsi prosesi başlayacaq. Bu proses 2025-ci ildə reallaşa bilər.

Exit mobile version