AUT.AZ

Rədd olsun AFFA-nın futbolu məhv edən rəhbərliyi!

Gözlənildiyi kimi də oldu, İsveç yığması ilk turda Belçikadan “yediyi” 3 cavabsız qolun əvəzini bizim millidən artıqlamasıyla çıxdı.

“Frends Arena”da dostluğa yaraşmayan biabırçı hesab qeydə alındı – 5:0. Zatən, illərdir buna öyrəncəliyik. Yenə 22 il əvvəl İsveçə səfərdə “şükürlü” uduzmuşduq – 0:3.

Rövnəq Abdullayev – Elxan Məmmədov tandeminin “fəaliyyəti” nəticəsində futbolumuz, gördüyünüz kimi, “kosmik sürətlə” inkişafdadır.

İki turdan sonra Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində 53 iştirakçı arasında Lixtenşteyndən sonra qapısından ən çox qol buraxan komandadır – 9 qol!

“Bərəkallah”, Rövnəq müəllim, “spasibo”, Elxan Mammedov, “qrasiya”, sinyor Byazi! Byazi demişkən, bu qoca italyan bizi əməllicə ələ salıb. İsveçə 0:5-dən sonra deyib ki, əla oyun göstərdik.

De Byazini başa düşürəm. O arxayındır: bilir ki, nəticədən asılı olmayaraq, Azərbaycanda sonuncu fəaliyyət dövrüdür.

Özü demişkən, qarşısına da hansısa hədəf-məqsəd qoyulmayıb. Ona görə nə gəldi, danışır. Son aylarını sadəcə yola verir.

Açıqlamasına diqqət: “Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir” – məntiqə bax da!

Byazi, gözünü aç, FİFA-nın reytinqinə bir də bax və izah et ki, dünya reytinqində hazırda 174-cü olan Moldova özündən 136 pillə yuxarıda olan Çexiya ilə necə heç-heçə oynaya bilib?

Daha bir açıqlama: “İsveç fiziki cəhətdən bizdən güclüdür. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə”…

Elə bizim komanda baş məşqçi, özü də “italyanski” – nə lazım?

Get, 2 gün əvvəl keçirilmiş Qazaxıstan-Danimarka matçına bax! Sənin əhəmiyyətsiz oyunda 3:0 udduğun Qazaxıstandır haa…

Danimarka da hazırki səviyyəsinə görə İsveçdən güclüdür. Bax, həmin qazaxlar 0:2 geridə olduğu matçda Danimarkaya 16 dəqiqəyə 3 qol vuraraq qalib gəldi…

Bizi axmaq hesab edənin özü axmağın lap yekəsidir! Amin Seydiyev kimi əzmkar, mübariz oyunçunu yığmaya çağırmayan, milli çempionatın bombardirinə 2 matçda cəmi 10 dəqiqə şans verən, məşqçisən də. Səndən zatən normal bir fikir, mövqe gözləmirik də.

De Byazi, bütün bu açıqlamaların göstərir ki, Azərbaycanda vaxtının başa çatmasını gözləyirsən, bizə – daha doğrusu, AFFA-dakı “hazır yeyənlər”ə də pulu havaya sovuran ağılsız adam kimi baxırsan.

AFFA-dakılara gəlincə, indi birinin də səsi çıxmır. Nə “milli komandada inkişaf var” deyən Vaqif Sadıqovun, nə də illər öncə mətbuatda “bizim komandaya mütləq italyan məşqçi gəlməlidir” hay-küyü yaradan Elxan Tağızadənin. Elxan Tağızadə adını eşidib təəccübləndiniz yəqin.

Bu adaşı kimi məşhur deyil, amma “ortada yeyib, qıraqda gəzən”, ara-sıra AFFA-nın konfranslarında görünən, çox nadir hallarda isə mediada çıxıb belə mənasız fikirlər səsləndirənlərdəndir.

Hələ Elşad Nəsirovu demirəm. Üzü Karos Alberto Torresdən bəri bütün xarici məşqçilərin milli komandaya gəlməsinə “xeyir-dua verən”, rus, ingilis, fars, hətta hind dilini bilən, amma “futbolun dilini bilməyən” AFFA-nın vitse prezidenti.

AFFA İcraiyyə Komitəsinin daha bir “cahanşümül” üzvü Elmar müəllim Məmmədyarov.

“Evdən işləməklə” xarici siyasətimizi “ağ günə” çıxardıb, indi də AFFA-da futbolun “ölümünə” hər iclasda əl qaldıranlardan biri.

Ümumiyyətlə , AFFA İcraiyyə Komitəsi büsbütün istefaya göndərilməli şəxslərdən ibarətdir.

Hüquqda bir termin var: cinayətkarcasına səhlənkarlıq. AFFA İcraiyyə Komitəsinin üzvləri, onsuz da, dərk edirdilər ki, hazırki vəziyyətdə Azərbaycan millisi qrupda maksimum Estoniyanı qabaqlaya bilər.

Onu da hələ bacarsa. Belə vəziyyətdə italyan məşqçiyə üçünü dəfə şans verib, dövlətin pulunu ona “yedirtməyin” adı “cinayətkarcasına səhlənkarlıq”, məsuliyyətsizlik deyil, bəs nədir?

AFFA-nın istənilən şəxsi ilə mərcə girərəm ki, bizim Tərlan Əhmədov, yaxud Ayxan Abbasov bu milli komanda ilə de Byazidən yaxşı nəticə verər. Onlar əziyyətə qatlaşan məşqçilərdir, heç nədən komanda düzəltməyi bacarmalarını artıq isbat ediblər…

Seçmə mərhələ hələ indi başlayıb, bizim üçün isə artlq hər şey bitib.

İllərdir deyirik: bizə hələlik xarici məşqçi lazım deyil, oyunçularımız xarici futbol səviyyəsinə çatanda onlara xarici məşqçi gətirərsiz.

Ona görə rədd olsun de Byazi, rədd olsun AFFA-nın futbolu məhv edən rəhbərliyi!

İlkin Fikrətoğlu

Exit mobile version