AUT.AZ

“Neftçi” bu xəbəri rəsmən təsdiqlədi: 50 milyonluq büdcə, hər il…

“Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin komandanı inkişaf etdirmək üçün 5 illik plan hazırladığı, 50 milyonluq büdcə müəyyənləşdirdiyi haqda məlumat vermişdik. Artıq “Neftçi”dən bu xəbər rəsmi surətdə təsdiqini alıb.

Aut.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş məşqçisi Lorentsiu Regekampf “Sportinfo.az” saytına danışıb:

“Bildiyiniz kimi, kluba yeni rəhbər gəlib. Yeniliklər yaşanır və yaşanacaq. Yeniliklərdən biri və ən vacibi qarşıdakı 5 il üçün nəzərdə tutulan plandır. “Neftçi” bu müddətdə çempion olmalı və hər il avrokubokların qrup mərhələsində iştirak etməlidir.

Şəxsən layihəni çox bəyəndim. İrəliyə doğru birdən-birə 5 addım atıb geridə qalan 4 addımı itirəcəksənsə, uğur davamlı olmayacaq.

Uğur istəyiriksə, buna pillə-pillə nail olmalıyıq. İlk növbədə akademiya ürəkaçan olmalıdır. Komanda öz bazasında məskunlaşmalıdır.

Əsas komandanın qarşısına birdən-birə çempionluq hədəfi qoymaqla məqsədyönlü inkişafa nail olmaq mümkün deyil.

Uğur istəyiriksə, klub halında inkişaf etməliyik. İdarəetmə, akademiya, təşkilatçılıq, əsas və əvəzedici komanda – bunlar bağ halında olmalıdır”.

Aut.az

Exit mobile version