AUT.AZ

Türkiyə və Azərbaycan çempionatları birləşə bilər? – VİDEO

Martın 26-da baş tutan “Qarabağ” – “Qalatasaray” matçından sonra keçirilən mətbuat konfransında “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov bildirib ki, Türkiyə və Azərbaycan çempionatlarının birləşməsini, eyni liqa olmasını diləyir.

2-ci Qarabağ müharibəsindən sonra türk dövlətləri arasında demək olar ki, bütün sahələr üzrə əlaqələr daha da güclənib. Artıq bəzi ekspertlər, böyük Turanın əsasının qoyulduğunu, bunun üçün iqtisadi, siyasi, hərbi zəmində əsaslar hazırlandığını bildirirlər. 16 mart tarixində Türk Dövlətləri Təşkilatının Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə Türkiyədə keçirilən fövqəladə iclasında da biz bu perspektivin daha da gücləndiyinin şahidi olduq.

Bu baxımdan Qurban Qurbanovun arzusu heç də əlçatmaz görünmür. Ancaq indiki məqamda idmanın futbol kimi xeyli siyasiləşmiş, həssas sahəsində bu arzu çin ola bilərmi?

İdman yazarı Natiq Muxtarlı Türkiyə ilə Azərbaycan klublarının eyni liqada oynamasını real hesab etməsə də, türk dövlətlərinin klublarından ibarət super liqa yaratmağın mümkün olduğunu dedi.

Natiq Muxtarlı onu da əlavə edib ki, Türkiyə ilə Azərbaycan çempionatları arasında demək olar, əlaqə yoxdur. Buna görə də intensiv inteqrasiya prosesinə start vermək daha real nəticələr verə bilər.

Futbol mütəxəssisi Şahin Diniyev də bildirib ki, Türkiyə ilə Azərbaycan klublarının eyni liqada oynaması beynəlxalq futbol qanunlarına ziddir. (APA TV)

Exit mobile version