AUT.AZ

Futbolumuzu kor qoyanlar toxunulmazdırsa…

Başa düşmürəm, Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində ilk 2 oyunda məğlub olması niyə təəccüblə qarşılanmalıdır? Nə gözləyirdik ki?

Azərbaycan futbolunun hansı durumda olduğunu bilmirdik? Uzaqbaşı, kiçik hesabla məğlub ola bilərdik, məşqçi düzgün taktika, oyun sistemi seçsəydi. Vəssalam, bundan artıq heç nə. 2008-ci ildən bəri Azərbaycan futbolunun idarəetmə sistemində nə dəyişib? Nə dəyişib ki, yığma komanda da dəyişsin?

Eyni idarəçilər – qeyri-peşəkarlar, dəllallar, “istedadlı dələduzlar”, futbolu yox, çibini düşünən adamlar uzun illərdir ki, AFFA-da kök salıblar. Onlar “gözün üstə qaşın var” deyən yoxdur. Onlardan hesabat tələb edən yoxdur. Onlardan “milyonları hara xərcləyirsiniz” soruşan yoxdur.

Və belə durumda biz gözləyirik ki, Azərbaycan Avstriya və İsveçə qalib gəlməlidir. Ölmüşdü Xankişi. Çıxış yolu nədir? Çıxış yolu odur ki, Azərbaycanda AFFA yaradılsın. Bu AFFA-ya futbolu bilən, peşəkar, vətənini sevən vicdanlı kadrlar cəlb edilsin. Onların futbolun inkişafı ilə bağlı plan və strategiyası olmalıdır.

Bu işə bu gün başlanılsa, 10-15 ildən sonra Avstriya və İsveçlə oyunda qələbəyə ümid edə bilərik. Başlamırıq, AFFA rəhbərliyi – futbolumuzu kor qoyanlar toxunulmazdır. Toxunulmazdırsa, deməli, çıxış yol yoxdur. Dağılışaq!

Natiq Muxtarlı

Exit mobile version