AUT.AZ

Rövnəq Abdullayevin 10 milyonluq möhtəşəm layihəsi

AFFA illik maliyyə hesabatını açıqlayanda hər kəsi bir sual ciddi maraqlandırırdı: hesabatdakı 10 milyonluq “cari xərc” nədir? Bu qədər vəsait hansı böyük layihəyə sərf olunub?

Bu sualın cavabı Azərbaycan millisinin Avstriya ilə oyunundan sonra tapıldı.

Sən demə, AFFA prezidenti Rövnəq Abdullayev möhtəşəm layihə həyata keçirirmiş. Bu layihənin əsas qayəsi “trol ordusu”dur.

Bu “trol ordu”su futbolumuzun düşüncə tərzini dəyişmək üçün yaradılıb. Mahiyyət bundan ibarətdir: yığma komanda hər dəfə məğlub olduqda, “trol ordu”su AFFA-dan gələn əmrlə fəaliyyətə başlayır. Məğlub olmasına baxmayaraq, yığmanın yaxşı oyun göstərdiyi sosial şəbəkələrdə vurğulanır, bizi işıqlı gələcəyin gözlədiyinə dair inam formalaşdırılır.

Beləcə, insanların beyni yuyulur. Gülməyin, başqa ölkələrdə bu cür texnoloji yeniliyə milyardlar sərf edirlər. Rövnəq Abdullayev isə ildə cəmisi 10 milyon manata bu işi həyata keçirir.

Hesabatdakı 10 milyonluq “cari xərc” “trol ordusu”nun saxlanılmasına sərf olunur. Halal xoşları olsun.

Çox yox, 5-6 ildən sonra Azərbaycanda yığma komanda məğlub olanda hamı sevinəcək. Yəni məğlubiyyət də bizi xoşbəxt edəcək. İnsanın dəmdən xoşbəxt olduğu bəllidir, amma qəmdən…. Nəyi pisdir ki…

İndi anladınız nə demək istəyirəm? İndi anladınız bu layihənin möhtəşəmliyini?

Avstriya ilə oyundan sonra “trol ordusu” fəaliyyətdədir. Elə gözəl, bəlağətli cümlələr qurular ki… İnanın, adamın söz ehtiyatı artır, nitq qabiliyyəti daha da təkmilləşir onların yazdıqları statusları oxuduqca. Beyinlərin yuyulması da öz yerində. Şəxsən öz üzərimdə bunun təsirini hiss edirəm. Avstriya ilə oyundan sonra qəti əsəbiləşmədim. Eləcə gülürdüm. Rövnəq Abdullayevin 10 milyonluq möhtəşəm layihəsi futbolumuzu beləcə dəyişəcək.

Əgər sizin düşüncəniz hələ də dəyişməyibsə, beyniniz yuyulmayıbsa, yəni məğlubiyyətindən zövq ala bilmirsinizsə, qanınız qaradırsa, sizə bir lətifə danışım, eyniniz açılsın:

Biz vəzifə sahibi işdəki gərginlikdən dolayı mütəmadi olaraq stressə qarşı dərman atırmış. Atırmış ki, kefi kök olsun, heç nəyin dərdini çəkməsin.

Tərslikdən bunu qarınağrısı da tutubmuş, yəni “panos” olubmuş. Buna qarşı da dərman atırmış. Səhər işə gedəndə arvada deyir ki, qarınağrı dərmanını ver. Arvad da çaşır, stressə qarşı dərmanı verir.

Üstündən 2-3 saat keçir, arvad baxır ki, səhər kişiyə dərmanı səhv verib. Hövlənək zəng edir ki, a kişi, vəziyyətin necədir? Kişi də cavab verir ki, arvad, əlayam, şalvara batırmışam, amma dayanmadan gülürəm.

Di, siz də gülün. Onsuz da 4-5 ildən sonra Rövnəq Abdullayevin o möhtəşəm layihəsi hamımızı dəyişəcək, güləcəyik, dərdimizə də.

Natiq Muxtarlı

 

 

Exit mobile version