AUT.AZ

Avstriya “Lins lənəti”ni Azərbaycanla oyunda qırdı

Futbol üzrə milli komandamız bu gün Avro-2024-ün seçmə mərhələsində mübarizəyə başlayacaq.

Aut.az xəbər verir ki, F qrupunda yer alan yığmamız ilk matçını səfərdə Avstriyaya qarşı keçirəcək. Komandamız üçün bu, Avropa Çempionatları üzrə 8-ci seçmə mərhələ yarışı olacaq.

Komandalar “köhnə qitə”nin əsas turnirinin final mərhələsinə vəsiqə üçün yarışsa da, bu millimizə heç vaxt qismət olmayıb. Ümumiyyətlə, yığmamız Avropa çempionatının seçmə mərhələ yarışlarında uğursuz olub. Komandamız ən yaxşı halda sondan 2-ci olub. 2 dəfə isə mərhələni qələbəsiz başa vurub. Startlarımız isə heç vaxt yaxşı alınmayıb. Milli Avropa çempionatının seçmə mərhələsindəki ilk oyunlarının hamısında uduzub.

İlk dəfə Avro-1996-nın seçmə mərhələsinə qatılan yığma həmin turnirdəki ilk görüşündə Rumıniyaya 0:3 hesabıyla uduzub. Millinin startlardakı ən böyükhesablı məğlubiyyəti Almaniyaya qarşı olub. Berti Foqtsun rəhbərlik etdiyi kollektiv Avro-2012-dəki ilk oyununda bundestimə 1:6 hesabıyla uduzub.

Futbolçularımızın Avstriya səfərində uğursuz seriyaya son qoymağa çalışacaqları bəllidir. Ancaq rəqib də bizim üçün heç də arzuolunan komanda deyil. Heyətinə fikir versək, kifayət qədər tanınmış klubların aparıcı üzvlərinin adlarını görə bilərik. Məsələ tək bu deyil. Komandamızın “qartallar”a qarşı statistikası heç də yaxşı deyil. Millimiz Avstriya ilə 4 dəfə rəsmi oyunda üz-üzə gəlib və 3-ündə məğlub olub. Rəqibi ilə bir dəfə qolsuz heç-heçə edən komandamızın qol statistikası da pisdir – 1 top.

Azərbaycan – Avstriya oyunları:
DÇ-2006, seçmə mərhələ: Avstriya – Azərbaycan 2:0
DÇ-2006, seçmə mərhələ: Azərbaycan – Avstriya 0:0
Avro-2012, seçmə mərhələ: Avstriya – Azərbaycan 3:0
Avro-2012, seçmə mərhələ: Azərbaycan – Avstriya 1:4

Bu oyunla bağlı sonuncu məqam isə matçın keçiriləcəyi Linsə aiddir. Avstriya millisi bu şəhərdə 40 ilə yaxındır qələbə qazana bilmir. Komanda sonuncu dəfə 1981-ci ildə Finlandiyanı məğlubiyyətə uğrada bilib. Bundan sonra baş tutan 6 görüşdə avstriyalılar qalib gəlməyi bacarmayıblar. “Qartallar” Azərbaycanla oyunda “Lins lənəti”ni qırmağa çalışacaq.

Tarixində ilk dəfə ardıcıl 5 oyundur qələbə qazanan millimiz və baş məşqçi Canni De Byazinin üzərinə ağır yük düşür. Futbolçular uğurlu seriyanın təsadüf olmadığını belə güclü rəqiblə dueldə sübut etməlidilər, həm də futbol tariximizin bir hissəsinə çevrilən uğursuz statistikalara son qoymalıdırlar.

Qeyd edək ki, yığmamız F qrupunda Belçika, İsveç və Estoniya ilə mübarizə aparacaq. İlk turun digər görüşündə isveçlilərlə belçikalılar üz-üzə gələcək.

AÇ-2024, seçmə mərhələ: F qrupu

24 mart

23:45. Avstriya – Azərbaycan 4:1

Qol: M.Zabitser, 28; 50. M.Qreqoriç, 29. K.Baumqartner, 69 – E.Mahmudov, 64.
Hakimlər: Bartoş Frankovski, Marçin Boniek, Yakub Vinkler, Pavel Raçkovski.
AVAR: Kşiştof Mirmus.
Dördüncü hakim: Damian Kos.
Lins. “Rayffayzen Arena”.

Avstriya: 1. Haynts Lindner 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Zabitser (k), 11. Mixael Qreqoriç, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Gernot Trauner.
Ehtiyat oyunçular: 12. Patrik Pents, 13. Niklas Hedl, 4. Yonas Auer, 5. Stefan Poş, 7. Romano Şmid, 8. Andreas Ulmer, 10. Andreas Veymann, 14. Deyan Lyubiçiç, 15. Flavius Danilyuk, 17. Florian Kaynts, 18. Kərim Onisivo, 22. Junior Adamu.
Baş məşqçi: Ralf Ranqnik.
Azərbaycan: 12. Yusif İmanov, 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 10. Aleksey İsayev, 13. Tellur Mütəllimov, 16. Elvin Camalov, 17. Tural Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

 

Exit mobile version