AUT.AZ

Azərbaycan futbolu Kazbek Tuayevdən qurtulur – Məktəb əlindən alındı

Azərbaycan Gənclər və İdman Nazirliyi futbola diqqətini artırmaq qərarına gəlib. Qurum tezliklə akademiya yaradacaq və gənc nəslin yetişdiriməsi üçün konkret addımlar atacaq.

Əslində, nazirliyin bu addımını daha çox illərdi fəaliyyətsiz olan məktəbdə işi canlandırmaq cəhdi kimi qiymətləndirmək olar. Qurumun bazasında olan, lakin ayrılan böyük büdcədən səmərəli şəkildə istifadə etməyən İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinə tezliklə yeni nəfəs gələcək.

Daha çox “Kazbek Tuayev məktəbi” kimi tanınan mərkəzdə veteran futbolçunun hakimiyyəti başa çatır. AFFA İcraiyyə Komitəsinin də üzvü olan Tuayev tezliklə təqaüdə göndəriləcək, sözügedən məktəb daha ciddi nəzarətlə maliyyələşdiriləcək, xərclənən milyonların qarşılığında nəticəyə yönəlik iş qurulacaq.

Məktəbə kimin rəhbər təyin olunacağı bəlli deyil. Bilinən odur ki, vaxtilə “Zirə”də birgə çalışmış Kamen Vasilyev və Adil Şükürov yeni struktur qurulması üçün işə cəlb olunacaq. Maraqlı olan bolqar mütəxəssisin gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilyevanın həyat yoldaşı olmasıdır. Uzun illərdir “Zirə”də fəaliyət göstərən bu şəxsə indi gənc futbolçuların yetişdirilməsi üçün böyük bir layihə tapşırılır. Şükürov isə hazırda Naxçıvanda uşaq futbolunun dirçəldilməsi üçün başladılan yeni layihənin icraçısıdır.

Təyinatlar müzakirə mövzusu ola bilər və olmalıdır. Amma ən əsası, nəhayət, Tuayevin fəaliyyətsizliyinə nöqtə qoyulmasıdır. Nazirliyin islahatlarında növbənin balansında olan məktəblərə də çatması müsbət məqamdır. (Futbolinfo.az)

Exit mobile version