AUT.AZ

Ağayev Foqtsu yada saldı: Allah onun da yolun açıq etsin

“Qəbələ”nin qolkiperi Səlahət Ağayev jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə Azərbaycan Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Şamaxı” ilə görüşlə (2:0) bağlı fikirlərini bölüşüb.

– Bu qələbə bizim üçün vacib idi. Neçə oyun idi qələbə qazana bilmirdik. “Zirə” də bizdən uzaqlaşmışdı. Həm də özünəinamı qayatmaq üçün bu oyun çox vacib idi.

– “Zirə” ilə xal fərqini azaltdınız, kubokda da mübarizəni davam etdirirsiniz. Yekunda Konfrans Liqasına vəsiqə qazana biləcəksinizmi?

– İndidən nəyisə demək çətindir, amma sona qədər mübarizə aparacağıq. Hələ qarşıda oyunlarımız çoxdur. Çalışırıq ki, avrokuboklara vəsiqə qazanaq.

– Milli komandanın heyəti açıqlanıb. Dəvət alanlar arasında adınız var. Qarşıdakı oyunlar barədə nə düşünürsünüz?

– Milliyə dəvət aldığımı sizdən öyrənirəm, bilmirdim. (Red- müsahibə oyundan dərhal sonra alınıb, həmin vaxt milli komandanın heyəti yeni açıqlanmışdı) Çox şadam. Hər bir futbolçu millidə oynamağı istəyər. Düzdür, oynayıb-oynamamağımız baş məşqçinin qərarıdır. Biz buna hörmətlə yanaşmalıyıq. Əsas millinin nəticəsidir. Əlimizdən gələnin ən yaxşısını edib nəticə qazanmaq istəyirik.

– Yığmaya yeni qapıçı çağrılıb – Yusif İmanov. İstisna deyil ki, qapıda dayansın. Onunla bağlı düşüncələrin necədir?

– Yusiflə “Sabah”da bir yerdə oynamışam. Gənc olmasına rəğmən, yaxşı perspektivi var. Hər şey baş məşqçidən asılıdır. Mən də gənc olmuşam. Kamran Ağayev cəzalı olanda Berti Foqts mənə 19 yaşımda gözlənilmədən Şimali İrlandiya ilə oyunda şans vermişdi. Allah onun da yolun açıq etsin.

– Mövsümün sonunda müqavilən bitir. “Qəbələ” və ya başqa klublardan təklif varmı?

– Hələ heç bir təklif yoxdur. Hazırda bütün diqqətimi komandanın oyunlarına yönəltmişəm. “Qəbələ”də yaxşı komanda qurulub. Hamının bir-biri ilə münasibəti çox yaxşıdır. Müqavilə barədə mövsümün sonunda düşünmək olar. (Publika.az)

Exit mobile version