AUT.AZ

Uşaq futbolunda oyun alveri: “Sabah” “Vətən”ə qəsdən uduzub?

Bütün dünyada belədir: uşaq futbolunda heç kim nəticə tələb etmir. Çünki belə tələb azyaşlıların psixologiyasına, onların peşəkar kimi yetişməsinə ciddi təsir edər. Amma Azərbaycanda tam əksinədir.

Uşaq futbolunda nəticə olduqca önəmlidir. Niyə belədir? Çünki klublarda uşaq futboluna cavabdeh olan dəllallar ayrılan vəsaitin əksər hissəsini mənimsəyirlər, rəhbərlik qarşısında özlərinə bəraət qazanmaq üçün isə nəticələri ortaya qoyurlar: Filan yaş qrupu çempion olub, filan yaş qrupu da 2-ci yeri tutub. Vəssalam. Amma ortada yetişən futbolçu olmur sonda.

Azərbaycanın uşaq futbolunda növbəti qalmaqal yaşanır. Qalmaqalda “Sabah”ın adı hallanır. “Sabah” uşaq futboluna ciddi maliyyə ayıran komandalardanır. Amma deyəsən, rəhbərlik bu sahəyə cavabdeh şəxsləri ciddi araşdıraraq seçməyib.

Bir neçə valideynin Aut.az-a şikayətində iddia olunur ki, “Sabah”ın uşaq komandalarında oyun alveri baş alıb gedir.

Deməli, “Sabah” və “Vətən”in uşaq komandaları eyni mənbədən maliyyələşir. U-13 liqasında “Sabah” pley-offa vəsiqəni qazanıb, amma “Vətən” buna nail ola bilməyib. Buna görə də, martın 15-də bu komandalar arasında keçirilən oyunda lider “Sabah” gözlənilmədən “Vətən”ə məğlub olub – 0:3.

Özü də qarşılaşma çempionatın keçirildiyi Hövsan qəsəbəsində yox, “Sabah”ın təkidi ilə “Şəfa” stadionunda baş tutub.

Valideynlər iddia edirlər ki, “Sabah” “Vətən”ə qəsdən uduzub.

Uşaqları indidən alverə öyrədən bu dəllallar Azərbaycan futboluna sarsıdıcı zərbə vururlar.

Ümid edək ki, “Sabah” rəhbərliyi iki gündür hamının müzakirə etdiyi bu məsələni araşdıracaq.

Aut.az

Exit mobile version