Ötən həftə AFFA-nın nəzdində fəaliyyət göstərən üç komitələrin tərkibi təsdiqlənib. Qərar qurumun İcraiyyə Komitəsinin son iclasında verilib.
Aparılmış müzakirələrdən sonra Apellyasiya Arbitraj Tribunalı, Oyunçuların Statusu və Transferi Komitəsi və İntizam Komitəsinin tərkibi müəyyənləşib.
Apellyasiya Arbitraj Tribunalına Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nazim Rəşidov sədr seçilib.
Rüfət Kərimov (Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin nümayəndəsi), Arif Əyyubov (Vəkillər Kollegiyasının üzvü), Orxan Məmmədov (Dövlət Vergi xidmətinin nümayəndəsi), Rəşad Qasımov (Fərdi sahibkar) və Cavid Quliyev (Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi) tribunala üzv təyin olunublar.
Bu siyahıda adı keçən şəxslərdən biri Rəşad Qasımovdur. Fərdi sahibkar kimi göstərilən zat, əslində, futbol ictimaiyyətinə yaxın biridir. Qasımov «İnter»in, indiki «Şamaxı»nın sabiq prezidenti olub.
2015-ci il, dekabrın 24-də “İnter”in Müşahidə Şurasının iclasında R. Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar çıxarılıb.
O, 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışıb.
2000-2011-ci illərdə bankın Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə işləyib.
1999-2000-ci illərdə “Aqrar-Qafqaz” şirkəti, “Middle Eastern Textiles” şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
1977-ci ildə anadan olmuş Qasımov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb.
11 ay «İnter»də mühüm vəzifə tutan sabiq bank işçisi 2016-ci ilin oktyabrında futbolla bağlantılarını kəsib. Öz xahişi ilə tutduğu postdan azad edilən Qasımovu klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayev əvəzləyib.
O, «Kəpəz»in veteranı Müzəffər Qasımovun oğludur.