Rövnəq Abdullayevin AFFA prezidenti postunu tərk edəcəyi dəqiqdir.
Əslində Rövnəq Abdullayev bu postu tərk etmək niyyətində deyil. Çünki AFFA prezidenti onu həbs olunmaqdan qoruyan bəlkə də, yeganə rıçaqdır. Amma halqa daralır və o getməlidir. Artıq onun yerini tutacaq şəxs üçün təbliğat, lobbiçilik fəaliyyəti başlayıb. Kimdir o adam?
Aut.az AFFA-dakı mənbədən məsələ ilə bağlı məlumat əldə edib.
“Turan Tovuz”la “Huner Group” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanarkən bir məqam diqqəti cəlb etdi. Bu prosesdə AFFA-dan heç kim iştirak etmirdi. Təsəvvür edin, ölkə futboluna sərmayə yatırmaq istəyən sponsor peyda olub, amma Rövnəq Abdullayev orada yoxdur. Baxmayaraq ki, Abdullayev dünənə qədər bu sponsorları çıraqla axtarırdı, amma tapa bilmirdi.
Bu gün o sponsor tapılıb, amma Abdullayev yoxdur. Bu məqam çox mətləblərdən xəbər verir. Sponsoru kim tapıb? “Futbolun İnkişaf Fondu”nun rəhbəri Tural Piriyev ön planda idi. Üstəlik, həmin mərasimdə anons edildi: Tezliklə “Kəpəz” üçün də sponsor tapılacaq.
Məsələ aydındır: Mənbə bildirir ki, böyük ehtimalla, Tural Piriyev AFFA-nın yeni prezidenti olacaq. Onun lobbiçiliyini isə “Huner Group” və sonradan bu prosesə qoşulacaq şirkətlər aparır.
Məqsəd nədir? Axı biznesə çevrilməyən Azərbaycan futboluna sərmayə yatırmaq ağılsızlıqdır. Niyə bir iş adamı diş-dırnaqla qazandığını futbol təsərrüfatında havaya sovursun?
Bütün dünyada futbol sahəsi nəhəng şirkətlər üçün çirkli vəsaitin yuyulması məkanıdır. Azərbaycan futbolunda niyə olmasın? İndiyə qədər başqaları “yuyurdu”. Daha doğrusu Rövnəq Abdullayev yalnız özü “yuyurdu”. Rövnəq Abdullayev gedir. Getsin, amma “yuyulma” mütləq olacaq. Bu dəfə AFFA-nın yeni prezidentinin himayəçiləri “yuyacaq”. Yoxsa onların futbol təsərrüfatında nə iti azıb…
Aut.az