AUT.AZ

Finalın “Neftçi”nin meydanında keçirilməsinə Fariz Nəcəfovdan münasibət: Yaxşı olardı ki…

Məlum olduğu kimi futbol üzrə ölkə kubokunun finalı Bakıda – 8-ci km qəsəbə stadionunda keçiriləcək. Bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. Bu açıqlamadan sonra qurum tənqid hədəfinə çevrilib. Çünki potensial finalçılardan və turnirin favoritlərindən biri olan “Neftçi” ev oyunlarını sözügedən arenada keçirir.

Aut.az xəbər verir ki, bu məsələyə “Qəbələ”nin prezidenti Fariz Nəcəfov münasibət bildirib.  Təcrübəli idman funksioneri Publika.az saytına açıqlamasında finalın 8-ci km qəsəbə stadionunda keçirilməsinə belə münasibət bildirib:

“Ümumiyyətlə yaxşı olar ki, finalın harada keçiriləcəyi mövsümün əvvəlindən açıqlansın. Bu məsələnin indiyə qalmasının səbəbini bilmirəm. Bizim üçün elə də çətinlik görmürəm. Harada olsa, həmişəki kimi öz oyunumuzu göstərəcəyik. 8-ci kilometr stadionunda Avropa Liqasındakı oyunlarımızı keçirmişik, bizə yad arena deyil.

Həm də əvvəlki illərdə bizim də iştirakımızla Qəbələdə final keçirilib. Həmin vaxt da məkan yarımfinal ərəfəsində bəlli oldu. Həm də biz hələ finalçı deyilik. Yaxşı olardı ki, əvvəldən açıqlansın”.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan kubokunun yarımfinalında “Səbail”lə mübarizə aparacaq. Digər yarımfinal cütündə isə “Neftçi” ilə “Turan Tovuz” münasibətlərinə aydınlıq gətirəcək.

Exit mobile version