AUT.AZ

Rövnəq Abdullayev: Azərbaycan AÇ-nin final mərhələsində olacaq

Bilirəm ey, sevincinizin həddi-hüdudu yoxdur. Rövnəq Abdullayev yenə də AFFA-ya gəlib axı. Həqiqətən də möhtəşəm hadisədir. Üstəlik, onunla bərabər, AFFA-nın inzibati binasına Elmar Məmmədyarov, Rauf Əliyev, Elşad Nəsirov, Mahir Məmmədov da gəlib.

Onlar kimlərdir?

Elmar Məmmədyarov idmanı çox sevir. Deyirlər, hərdən-birdən basketbola baxır. Elşad Nəsirov əvvəllər şahmatı çox sevirmiş, indi nəyə həvəs göstərdiyi bəlli deyil. Rauf Əliyev ağırlıqqaldırma həvəskarıdır. Mahir Məmmədov da lap uşaqlıqdan çilingağac oyununu çox sevir.

Hə, qayıdaq söhbətimizin məğzinə. Rövnəq Abdullayev başının dəstəsi ilə varid olub AFFA-ya. Orada olanlar deyirlər ki, elə sevinirmiş, elə sevinirmiş…

Niyə sevinirmiş?

Deyilənlərə görə, bir az “Qarabağ”ın Avropadakı uğurlarına görə sevinib. Bəllidir, bu uğurun ona dəxli yoxdur. Dəxli olsaydı, “Qarabağ”ın uğurunun memarı yığma komandanın baş məşqçisi olanda ona “torba” tikməzdi Elxan Məmmədovun əli ilə.

Eləcə sevinib də, hamı kimi.

Ən çox da yığma komandanın 5 oyun qələbə qazanmasına görə sevinirmiş.

Elə sevinirmiş ki, gözlərindən yaş gəlirmiş. Öz aramızda qalsın, orada kimsə Rövnəq Abdullayevə deyib ki, Azərbaycan yığması bu 5 qələbədən sonra 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Ona görə gözündən sevinc yaşları axırmış. Yoxsa adam mənasız qələbələrə niyə sevinsin ki? Kim deyib o sözü Rövnəq müəllimə? Bilmirəm, vallah.

Rövnəq müəllimin buna inanması inandırıcı deyil? Bay, futbolunuza kimin rəhbərlik etdiyini tanımırsınız ki… Ayıbıdır, vallah. Mən heç, Elmar Məmmədyarovun xətrinə dəyər ey…

Natiq Muxtarlı

 

Exit mobile version