Yannik Ferreyra Karrasko – futbol aləmində bu ad“sabitlik” deməkdir. Yarımmüdafiəçi uzun illərdir “Atletiko”da çıxış edir. Karyerasında çox qısa Çin dönəmi olub.
Ancaq geri dönərək Madrid klubundakı macərasına davam edib. O, komandanın bir parçasıdır. Bəzən qol vurur, bəzən də məhsuldar ötürmə edir. Belçikalı həftə sonu keçirilən “Sevilya”yla oyunda da (6:1) qol vurub.

29 yaşlı yarımmüdafiəçi şəxsi həyatında da sadiqdir. Karrasko uzun illərdir həyat yoldaşı Noemi Happartla birlikdədir. Onlar eyni yaşdadılar. Noemi məşhur model və tanınmış gözəldir. 2013-cü ildə “Miss Belçika” müsabiqəsinin qalibi olub və elə həmin il Moskvada keçirilən “Miss Kainat” müsabiqəsində iştirak edib. Eyni zamanda, “Miss World” yarışmasında 20-ci yeri tutub.

Noemi ilə Yannik 2015-ci ildə tanış olublar. Futbolçu restoranda ona yaxınlaşıb və telefon nömrəsini istəyib. Başlanğıc elə də uğurlu alınmayıb. Çünki o, dərhal Happarta peşəkar futbolçu olduğunu söyləyib:
“Futbolçulara qarşı olduqca stereotipik bir baxışım var idi. Qorxurdum ki, onun qalmaqallı reputasiyası və ya buna bənzər bir həyatı var. Ancaq Yannik zamanla özünü yaxşı tanıda bildi. Ona görə də bir şans verdim”.

Karrasko 2016-cı ildə Çempionlar Liqasının finalında “Real”a qol vurdu, podiuma qaçdı və bir qızla öpüşdü. Bu Noemi idi. Cütlük 2017-ci ildə evləndilər. 5 il sonra isə onların oğul övladı oldu. Tanınmış model əvvəllər “Atletiko”nun matçlarını qaçırmırdı. İndi körpəsi ilə “Wanda Metropolitano”da elə də çox görünmür.
Heybət



