AUT.AZ

Emin “Neftçi”nin, Musa da “Qarabağ”ın tarixinə düşdü

Azərbaycan Premyer Liqasının 25-ci turu “Neftçi” və “Qarabağ” üçün əlamətdar olub.

Aut.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan çempionatlarında 1500-cü qolu vurub. Bu, “Turan Tovuz”la matça (4:0) təsadüf edib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.
Yubiley qoluna Emin Mahmudov imza atıb.

Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

“Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub.

“Qarabağ” isə Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. Bu, “Qəbələ” ilə səfər oyununa təsadüf edib. Həmin görüşə qədər 1398 dəfə fərqlənən “atlılar”ın sözügedən görüşdə vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb.

3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın yubiley qolunun müəllifi Musa Qurbanlı olub.

Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komanda olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə nail olub. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdir.

Ağdam təmsilçisinin ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu, həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidir.

Exit mobile version