Bir neçə gün əvvəl Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ayrı-ayrı ölkələrin çempionatlarını araşdıraraq, komandaların sabitlik reytinqini tərtib edib. Nədir sabitlik reytinqi? Söhbət hər bir komandanın heyətinin sabitliyindən gedir. Yəni kimlər həqiqətən də inkişafı, kimlər isə alveri – pul yumağı düşünür.
Bu baxımdan Azərbaycan çempionatının göstəriciləri diqqət çəkdi. Amma bu məqama nə mətbuatımız, nə də futbol ictimaiyyəti maraq göstərmədi.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin bu hesabatı Azərbaycan futbolu haqda bəzi reallıqları tam çılpaqlığı ilə göstərir.
Öncədən onu qeyd edək ki, Azərbaycanda əksər klubların dövlətdən – yəni xalqın boğazından kəsilən maliyyə hesabına yaşadığı bəllidir. Bu maliyyəni kim, hara sərf edir?
Araşdırmadan belə bəlli olur ki, heç kimə lazım olmayan, indiyə qədər hər hansı bir uğur qazana bilməyənlər pulu havaya sovuranlardır.
Azərbaycan çempionatının ən sabit komandası “Qarabağ”dır. “Atlılar” bir il ərzində 35, beş il ərzində 67, on il ərzində 111 futbolçunun xidmətindən yararlanıblar. Yəni “Qarabağ”ın məqsədi o olmayıb ki, hər il 15-20 futbolunu göndərsin və bir o qədərini də gətirsin. Yəni adamlar inkişafa hesablanmış strategiyaya üstünlük veriblər. Kimi gəldi satmayıb, kimi gəldi almayıblar. Nəticə də göz önündədir: 10 il sərasər avrokubokların qrup mərhələsi. Deməli, Azərbaycanın ən sabit komandası gəlir və çıxarını bilib. Elə “Qəbələ” də sabit komandalar sırasındadır. Qəbələ təmsilçisi müvafiq olaraq 30, 74 və 154 oyunçudan yararlanıb. Bu baxımdan “Neftçi” 3-cü yerdə qərarlaşıb – 36, 87, 150.

Tam statistikanı təqdim edək və keçək əsas mətləbə:
“Sumqayıt” 41, 88, 161, “Səbail” 42, 102, “Zirə” 34, 104, “Şamaxı” 46, 107, 181. Beynəlxalq təşkilat “Sabah” üçün cəmisi bir ilin göstəricisini açıqlayıb – 33.
“Səbail” və “Zirə”də də son 10 ilin göstəricisi yoxdur. Bu da təbiidir, çünki bu komandalar yeni yaranıblar.
Amma yeni yaransalar da, xərclədikləri çoxdur, lap çox. Rəqəmlərə fikir verin, “Səbail” bir ildə 42, 5 ildə 102 oyunçunun xidmətindən yararlanıb. “Zirə”də isə bu rəqəm 34 və 104-dür. Yəni belə çıxır ki, bu komandalar hər mövsüm və ya hər 6 aydan bir 10-15 futbolçunu göndərib, bir o qədərini də alıblar. Niyə, nə məqsədlə? Məqsəd aydındır, “istedadlı dələduzlar” oyunçu transferindən qaz vurub qazan doldursunlar. Göyə sovrulan isə xalqın boğazından kəsilən puldur.

“Səbail”in necə yarandığı yadınızdadır? Rövnəq Abdullayev etiraf etmişdi ki, oğlum pis vərdişlərlə məşğul olurdu, ona görə bu komandanı onun üçün yaratdım ki, bəlkə başını qarışdırar. Yəni olmasın ildə 5-6 milyon, təki uşaq pis vərdişlərdən uzaq dursun. Rövnəq Abdullayevin oğlunun pis vərdişlərdən uzaqlaşıb-uzaqlaşmadığını deyə bilmərik, amma onu bilirik ki, o, futbola maraq göstərmədi. Atasının bağışladığı “oyuncağ”ı əmisi oğluna ötürdü. O da kimə ötürdü, bəllidir. Bu komanda 5 ildə az qala “Qarabağ”ın 10 ildə yararlandığı futbolçu qədər oyunçu cəlb edib heyətə.

Bəs bu “Zirə” nə məqsədlə yaradılıb? Bəs Rəşad Sadıqov o komandaya niyə gətirilib? Gətirilmişdi ki, Qurban Qurbanovun yanında öyrəndiklərini tətbiq etsin, sabit komanda yaratsın? Bəlkə elə deyil, biz səhv edirik. Görünən odur ki, biz səhv edirik. “Zirə”nin məqsədi tamamilə fərqlidir.
Cahangir Hacıyevi xatırlayırsınız? Hazırda həbsdə olan sabiq bankir “İnter”ə külli miqdarda vəsait ayırırdı. Sonradan bəlli oldu ki, bu vəsait hamısı xalqın cibindən oğurlanırmış. Onun vaxtında “İnter”də toplaşan “istedadlı dələduzlar” 6 aydan bir 20 futbolçunu göndərir, 20-sini də gətirirdilər.

Hətta elə futbolçular olurdu ki, gəlib 6 ay “İnter”in ehtiyat oyunçular skamyasında otururdu və çıxıb gedirdi. Xeyli də pul alırdı onlar. Təbii ki, aldıqlarının müəyyən qismini də kimlərəsə qaytarırdılar.
O “İnter”in sələfi “Keşlə” də eyni yolu gedirdi. Nöşün ki, Zaur Axundov kimi kadr vardı orada. Beynəlxalq təşkilatın “Şamaxı” ilə bağlı göstəricilərinə diqqət edək: 46, 107, 181.
Əslində, bu statistik rəqəmlərin “Şamaxı”ya dəxli yoxdur. Bunlar “İnter” və “Keşlə”dən qalan “paydır”.
Yəni adamlar heç nədən çəkinmədən yeyiblər, dağıdıblar. İndi Cahangir Hacıyev həbsdədir, Zaur Axundovun da nə vaxtsa ora gedəcəyi dəqiqdir. Gedəndə özü ilə də xeyli adam aparacaq, buna da şübhəniz olmasın.

Elxan Məmmədovun “şah əsəri” Sumqayıt”a baxaq – 41, 88, 161. Elə bil, Cahangir Hacıyevin “İnter”idir, fırt edib burnundan düşüb. Guya yığma komanda üçün futbolçu yetişdirilməsi üçün yaradılmışdı bu komanda. Elə komandalarda da sabitlik ən ümdə şərt olmalıdır ki, futbolçu inkişaf etsin. Buyurun, 10 il ərzində 161 futbolçu. Budur sabitlik?

Ona görə iddia edirik ki, Azərbaycan futboluna pul ayrılması dayandırılmalıdır. Pul olan yerdə dələduzlar olur.
Hər bir komandanın canı çıxmalıdır, özü qazanmalıdır. Necə ki, bunu “Qarabağ” edir.
Yoxsa, fəhlənin, müəllimin, həkimin, jurnalistin , ordunun zabitinin boğazından kəsib futbola pul ayırmaq olmaz. Bu, cinayətdir. O pul futbolun inkişafına yox, “istedadlı dələduzlar”ın varlanmasına sərf olunur.
Bunu biz demirik, bunu beynəlxalq təşkilatın araşdırması deyir.
Aut.az