AUT.AZ

Murad Musayevi “Sabah”da girova çevirən şok səbəb

“Sabah”ın baş məşqçisi Murad Musayevlə klub rəhbərliyinin münasibətlərinin gərgin olması barədə məlumat vermişdik. Komandanın son zamanlardakı uğursuz çıxışı “bayquşlar”ın düşərgəsindəki gərginliyi artırıb. “Ağ-göylər” ölkə çempionatının son 2 turunda məğlub olub. Doğma meydanda “Sabah”a (0:2), səfərdə isə “Şamaxı”ya (1:2) məğlub olan “Sabah” çempionluq şanslarını xeyli azaldıb. Halbuki bu görüşlərdə qazanılacaq qələbələr lider “Qarabağ”la xal fərqini azaltmaq baxımından önəmli idi.

Ancaq yaranmış vəziyyət işləri qəlizləşdirib. Baş məşqçi Murad Musayev rəhbərliyin çempionluq tələbindən narazıdır. Rusiyalı mütəxəssis getmək istəsə də, gedə bilmir. Çünki Musayevin klub rəhbərliyindən asılılığı var.

Aut.az-ın əldə etdiyi məlumata görə, 39 yaşlı çalışdırıcı Rusiya ilə Ukrayna arasındakı müharibənin qurbanı olub. Vətəndaşı olduğu ölkə banklarının sanksiyalara məruz qalması onu narahat edib. O, külli miqdarda vəsaitini qorumaq yollarını axtarıb. Belə məqamda “Sabah” rəhbərliyi imdadına çatıb. Ona bildirilib ki, klubun əməkdaşlıq etdiyi Rusiya bankında saxladığı pulları “Bank Respublika”ya yatıra bilərlər. Şimal qonşularımızın banklarının mövcud vəziyyətini nəzərə alan Musayev bu təklifi qəbul edib. Bir ildir onun pulları Azərbaycandadır.

Pullarının “Bank Respublika”da olması Murad Musayevi “girov”a çevirib. O, mövcud vəziyyətdə istefa verib gedə bilmir.

Musayevin vəsaitinin Azərbaycana köçürülüb-köçürülmədiyi ilə bağlı klubun da mövqeyini öyrəndik. “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında bunları deyib:

“Ünvanlanan sualın birbaşa kluba aidiyyəti yoxdur. Klubun öz üzvləri qarşısında əsas öhdəliyi müqavilə əsasında ödənişləri vaxtı-vaxtında həyata keçirməkdən ibarətdir ki, bu baxımdan da heç bir problem yoxdur”.

Aut.az

Exit mobile version