AUT.AZ

Bir vaxtlara bütün dünyanın həsəd apardığı “qala” – İndi heç kim… – FOTOLAR

Futbol təkcə yaşıl meydanda oynanılan oyundan ibarət deyil. Futbolu böyük edən bir sıra məqamlar var. Stadionlar, akademiyalar, bazalar və daha nələr-nələr. Bütün bunlar arxa planda olur. Azarkeşlər və futbol ictimaiyyəti bəzən bu məqamı ciddiyə almır. Ancaq infrastuktur çox vacibdir. Bunun, yaşıl meydanda yaşananlara, oynanılan oyunlara böyük təsiri var.

Yanvarda “Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqard klubun bazasını tənqid etdi: “Bu klub hər şeydə çox geridədir! “Mançester Siti” və “Tottenhem”in infrastrukturuna baxın… Onlar kilometrlərlə irəlidədirlər. Siz aktual olmalısınız”, – deyə yarımmüdafiəçi bildirib.

Linqard bu mövzuda danışan yeganə futbolçu deyil. Ötən ilin noyabrında qalmaqallı şəkildə Mançester təmsilçisindən ayrılan Kriştiano Ronaldo da Karrinqtondakı bazanın vəziyyətinin yaxşı olmadığını bildirirdi. O, məşq kompleksinin hovuzunun təhlükəsizlik standartlarına cavab vermədiyini açıqlamışdı. Bundan sonra klub hovuzda təmirə başladı. Pirs Morqan ilə qalmaqallı müsahibəsində isə Kriştiano daha açıq şəkildə danışdı: “İrəliləyiş yoxdur. Ser Aleks Ferqyusonun gedişindən sonra klubda heç bir təkamül görmürəm. Heç nə dəyişmir”.

“Qırmızı şeytanlar”ın sabiq futbolçusu Qari Nevill də klubun infrastrukturu haqqında sərt fikirlər səsləndirdi: “Qleyzerlərin 2004-cü ildə aldığı “Mançester Yunayted” haqqında düşünsəniz, klub ölkənin ən yaxşı stadionuna və Avropanın ən yaxşı bazalarından birinə, ən yaxşı məşq meydançasına malik idi. İndi stadionun alt tribunası paslanır və çürüyür”.

Karrinqton həqiqətən bu qədər geridədirmi? Ötən əsrin 90-cı illərində Ferqyuson klub rəhbərliyindən müasir standartlara cavab verən baza tələb etdi. Bundan dərhal sonra həmin ərazidə 8 metrlik hasar çəkildi və işlərə başlanıldı. Sözügedən kompleks 2000-ci ildə komandanın ev oyunlarını keçirdiyi “Old Trafford”dan 12 km məsafədə istifadəyə verildi.

Ferqyusonun tələbi təkcə daha yaxşı şərait yaratmaq deyildi. O, komandanı jurnalistlər, azarkeşlər və rəqib klubların casuslarından qoruyacaq daha müasir təhlükəsizlik sistemi tələb edirdi. Karrinqtondakı yeni baza “Yunayted”ə 22 milyon funta başa gəldi. Bunun 14 milyon funt-sterlinqi əsas komandaya, qalan vəsait isə 2 il sonra istifadəyə verilən akademiya üçün bina və meydançaların inşasına xərcləndi. 2012-ci ildə baza ərazisinə əlavə olaraq tibb kompleksi və elm mərkəzi istifadəyə verildi.

Tibbi avadanlıqlar istehsal edən Yaponiya şirkəti ilə əməkdaşlıq sayəsində MY bir sıra yeniliklər etdi. KT və MRT aparatları bazanın ərazisində yerləşdirildi ki, bununla da futbolçuların klinikalara getməsinə ehtiyac qalmadı. Görülən işlər Karrinqtondakı bazanı ölkənin ən yaxşı idman mərkəzlərindən birinə çevirdi. Kompleks hazırda 440.000 kvadratmetr ərazini əhatə edir. 14 meydança, idman zalı, reabilitasiya mərkəzləri, qapalı qaçış və basketbol meydançaları, 25 metrlik hovuzu, hidroterapiya və spa hovuzları olan əsas binası var. Eyni zamanda bazada sualtı qaçış yolları, saunalar və buxar otaqları da yerləşir.

Bu bazanın digələri ilə fərqi Ferqyusonun tələb etdiyi təhlükəsizlik sistemdir. Kompleks Avropada ən çox qorunan komplekslərdən biri hesab olunur və buna görə “Qala Karrinqton” ləqəbini alıb. Ora müşahidə kameraları və müdaxilənin aşkarlanması sistemləri ilə təchiz olunmuş 2,4 km uzunluğunda 8 metrlik divar, habelə kənardan görünməni məhdudlaşdırmaq üçün ərazinin ətrafında strateji baxımdan əkilmiş 30 000 ağacla əhatə olunub.

“Mançester Yunayted” Ronaldo və Linqardın tənqidlərindən əvvəl bazanı təkmilləşdirməyi düşünürdü. Birinci seçim bazanı Mançesterin cənub-şərqinə köçürmək idi. Yeni baza 200 milyon funt-sterlinqə başa gələcəkdi, lakin torpağın alınması, xərcləri xeyli artıracaqdı. Bu səbəbdən ideyadan imtina edildi.

İndi klub rəhbərliyi Karrinqtondakı bazanın müasirləşdirilməsi yollarını axtarır. Bu səbəbdən “Lester”in yeni təlim-məşq obyektində 5 il işləmiş Meqs Mernaqı layihənin Proqram Direktoru təyin etdilər. “Mançester Yunayted” əsas binanı, ofisləri, idman zallarını, restoranı, heyət və oyunçu salonlarını, yoqa, oxu və meditasiya mərkəzlərini təkmilləşdirməyi planlaşdırır. Eyni zamanda, müasir sistemlərin də quraşdırılması planlaşdırılır. Ancaq bu prosesin nə vaxt və necə baş tutacağı hələ bilinmir.

Hazırda İngiltərədə və dünyada ən çox müzakirə edilən bazalar İngiltərənin digər təmsilçilərinə məxsusdur. “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Lester” kimi klublar sahib olduğu infrastrukturu ilə göz oxşayır. Nümunə üçün fotolara diqqət yetirə bilərsiniz:

Heybət Məmmədov

“Mançester Siti”

“Tottenhem”

“Liverpul”

“Çelsi”

“Arsenal”

“Lester”

Exit mobile version