AUT.AZ

Sadıqov Ze Luişi gətirir?

Rusiyanın “Ximki” klubunun “Hatayspor”un futbolçusu Ze Luişi transfer edəcəyi ilə bağlı məlumat yayılıb.

Bu haqda jurnalist İvan Karpov məlumat vermişdi. Bildirilirdi ki, cari mövsümə Türkiyə çempionatında başlayan futbolçu Moskvaətrafı komanda ilə müqavilə imzalamaq üçün yaxın vaxtlarda Rusiyaya uçmalıdır.

Aut.az xəbər verir ki,  “Ximki”nin baş direktoru  Nikolay Olenev məsələyə münasibət bildirib. O, məlumatı nə təsdiq, nə də təkzib edib:

“Ze Luiş? Bizdə hələ belə məlumat yoxdur. Amma hələ ki, heyətə azad agent statusunda olan futbolçu əlavə edə bilmək üçün vaxt var”.

Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra “Hatayspor” çempionatda çıxışını dayandırıb və bütün futbolçulara azad agent statusu verilib.

“Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Moskvaətrafı klubun əvəzedici komandasının baş məşqçisi isə Nazim Süleymanov, onun köməkçisi Emin Ağayevdir.

Aut.az

 

 

Exit mobile version