AUT.AZ

“Çelsi”də Abramoviç sədası: Onu geri çağıranlar kimlərdir?

Bu mövsüm üçün transferlərə milyard avroya yaxın məbləğ xərcləyən “Çelsi”nin uğursuzluğu davam edir. “Zadəganlar” bu dəfə Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən oyunda “Tottenhem”ə 2 cavabsız qolla məğlub olub.

Komandanın göstəriciləri fəlakətlidir. London təmsilçisi son 11 matçdan yalnız birində qalib gəlib. “Mavilər” ardıcıl 3 oyundur meydanı xalsız tərk edir. Qrem Potterin komandası “Tottenhem”lə yanaşı, UEFA Çempionlar Liqasında “Borussiya Dortmund”a və ölkə çempionatında isə “Sauthempton”a uduzub. Hər iki görüşdə 0:1 hesabı qeydə alınıb.

Aut.az xəbər verir ki, sosial şəbəkələrin ingilisdilli seqmentində “Çelsi” rəhbərliyinə Potteri qovmaq üçün çoxlu müriacət tapa bilərsiniz. Digər tərəfdən azarkeşlər rəhbərliyin özündən də narazıdırlar. Onlar klubun sabiq sahibi – rusiyalı Roman Abramoviçin amerikalı Todd Boelinin yerinə qayıtmasını istəyirlər. Onlar komandalarının gələcəyindən ümidsizdilər.

“Cənab Abramoviç, “Çelsi”ni alıb, Qrem Potteri işdən çıxarıb, sonra klubu yenidən Todd Boeliyə sata bilərsənmi?” – deyə “mavilər”in CFCManuel ləqəbli azarkeşi yazıb.

Dr_Aftermath “Çelsi” həqiqətən Roman Abramoviçin geri qaytarılmasına ehtiyac duyur” – deyə qeyd edib.

Başqa bir azarkeş daha radikaldır: “Xahiş edirəm, Abramoviç, Boeli qovun”.

“Biz Roman Abramoviç üçün darıxırıq. Tomas Tuxel üçün darıxırıq. Köhnə günlər üçün darıxırıq. Qrem Potter, zəhmət olmasa komandanı tərk edə bilərsən?” – deyə @miles8_silver azarkeş qəzəbli paylaşım edib.

Qış transfer pəncərəsində “Çelsi”nin sahibi Todd Boeli yeni oyunçuların alınması üçün 323 milyon funt-sterlinq xərcləyib. Boelinin səxavəti hələ komandanın nəticələrinə təsir etməyib. London klubu Premyer Liqanın turnir cədvəlində Çempionlar Liqasına vəsiqə verən 4-cü sıradan 14 xal geri qalır. Komanda hazırda 10-cu sıradadır. Bu gedişlə “zadəganlar”ı gələn mövsüm nəinki qitənin bir nömrəli klub turnirində, hətta Avropa Liqasında da görə bilməyəcəyik.

“Mən nəticəyə görə məsuliyyəti dərk edirəm. Bu, “Çelsi” kimi klub üçün yaxşı vəziyyət deyil. Bu nəticələrə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Futbolçular hər şeylərini verdilər, çalışdılar. Bu, mənim məsuliyyətimdir” – deyə Qrem Potter “Tottenhem”ə məğlubiyyətdən sonra deyib.

Görək o, mövsümün sonuna qədər “Çelsi”də qala biləcək? İnsayderlərin məlumatlarına görə, Qrem sərəncamındakı heyətin və rəhbərliyin etibarını itirənə qədər komandada qalacaq. Ona “Arsenal”dakı həmkarı Mikel Arteta kimi bacarağını nümayiş etdirmək şansı veriləcəyi gözlənilir. Görək bu şansdan necə yararlanacaq.

Exit mobile version